Scroll Top

“CareerLAB” şəbəkəsİ start götürüb

WhatsApp Image 2024-04-15 at 11.12.10_1a9f5f2f
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən paytaxt və regionda yaşayan gənclər üçün “CareerLAB” şəbəkəsinin icrasına başlanılıb. Məqsədi gənclərin təhsil aldıqları ixtisas barədə məlumatlılığının artırılması, gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etmək olan layihə ilk olaraq Bakı Dövlət Universitetində “Maliyyə və iqtisadiyyat” sahəsi üzrə baş tutub.
Ümumilikdə 200-ə yaxın gəncin iştirak etdiyi tədbirin açılış mərasimində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli və BDU-nun TGT sədri Ələkbər Həsənov çıxış edərək, iştirakçı gənclərə tədbir haqqında ümumi məlumat verib, layihənin gedişatına uğurlar arzulayıblar.
Layihə çərçivəsində panel müzakirələr keçirilib. Moderator qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Ləman Harunova, panelistlər qismində “Paşa Həyat Sığorta ASC”nin Baş mühasibi, mühasibatlıq şöbəsinin müdiri Toğrul İslam, “ABB” ASC-nin MHBS Hesabatlıq şöbəsinin müdiri Fitat Məmmədova, “Kapital Bank” ASC-nin Aktiv və Passivlərin İdarəedilməsi şöbəsinin müdiri Şamxal İmanov, “KPMG Azərbaycan”nın Audit partnyoru Nəsibə Muradxanova, və “Unibank” ASC-nin Hesabatlıq və Maliyyə Təhlili şöbəsinin müdiri Lalə Muradovanın iştirak etdiyi panel müzakirəsində “Gənclərin universitet illəri üçün maliyyə karyerası”, “Müasir dünyada maliyyəçi”, “Universitetdən sonra maliyyəçinin ilk 5 ildəki hədəfləri”, “Bazardakı iş imkanları və reallıqlar”, “Gənc idarəçilər üçün maliyyə” mövzuları ətrafında bir sıra önəmli fikirlər səsləndirilib.  Daha sonra gənclərin sualları cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və üzv təşkilatları, həmçinin ali təhsil müəssisələrinin karyera mərkəzləri “CareerLAB” şəbəkəsinin tərəfdaşlarıdır.