Fəaliyyət istiqamətlərinə dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi, regionda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumatlılığının artırılması, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanının yaradılması, gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlərin təşkil olunması aid olan Gənclərin İnkişaf və Karyera Mərkəzinin sonuncu – 55-ci nümayəndəliyi Abşeron rayonunda fəaliyyətə başlayıb.
Açılış mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, GİKM-in rəhbərliyi və kollektivi, qurumun tərəfdaşları, müxtəlif gənclər təşkilatlarının nümayəndələri və 100-ə yaxın Abşeron gənci iştirak ediblər.
Gənclərlə söhbət və mərkəzlə tanışlıqdan sonra rəsmi nümayəndələr çıxış edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin gənc nəslin öz dövlətinə, öz ölkəsinə nə qədər dərin duyğularla bağlı olduğunu göstərdiyini, Azərbaycan gənclərinin artıq qalib xalqın nümayəndələri olduğunu bildiriblər.
GİKM-in baş direktor vəzifəsini icra edən Ramtiq Alızadə qurumun fəaliyyətə başladığı ilk gündən 2 il ərzində görülən işlər, keçirilən fəaliyyətlər, region gənclərinin karyera və fərdi inkişafına, dövlətçilik və vətənpərvərlik hislərinin daha da möhkəmlənməsinə töhfəsindən söhbət açıb. Daha sonra Abşeron nümayəndəliyinin direktoru çıxış edərək, gənclərə “Gənc Könüllü”, təcrübəçi və üzvlük proqramı haqqında məlumat verib, onlar bu proqramlara qoşulmağa dəvət ediliblər. Tədbir musiqili-əyləncəli proqram və intellektual oyunlarla davam etdirilib.
Bu sonuncu nümayəndəliyin açılması ilə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin bütün ölkə ərazisini əhatə etməsi təmin edilib.
Bundan sonra 55 şəhər və rayonda fəaliyyət göstərən qurumun prioritet istiqamətləri vətənpərvərlik və dövlətçilik dəyərlərinin aşılanması, fərdi inkişaf, karyera inkişafı, region gənclərinin maraq və ehtiyaclarının ödənilməsi yönündə təhlil və sorğuların aparılması üzərində qurulacaq, bu istiqamətlərdə konkret layihələr həyata keçiriləcək.