Bakı, 2 fevral, Həsrət Mahmudova, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsi gənclərlə çalışır. Fəaliyyətimiz gənclərin karyera quruculuğuna dəstək, şəxsi inkişafına müsbət təsir göstərmək, onların vətənpərvər ruhda yetişməsinə yönəlib. Həmçinin dövlət tərəfindən yaradılan imkanlar barədə region gənclərini məlumatlandırmaq da əsas istiqamətlərimizdəndir.
Bu sözləri AZƏRTAC-a Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev deyib.
Gənclərimiz GİKM-ə qoşulmaqla bir sıra imkanlar əldə edirlər. Onlar könüllülük və təcrübə proqramlarımızda komanda işi, işgüzar mühitdə davranış qaydalarını öyrənmiş olurlar. Şəhərdə yaşayan gənclər ucqar kəndlərdə yaşayan gənclərlə birgə sosial bacarıqlarını inkişaf etdirə bilirlər.
Gənclər üçün yaradılan imkanlardan biri də onların karyera quruculuğuna dəstəklə əlaqəlidir. GİKM bu istiqamətdə gənclərin müəyyən bilik və bacarıqlara yiyələnməsinə imkan yaradır. Gənclərə təlimlər keçirilir, müxtəlif layihələrə cəlb edilirlər. Gənclərin işgüzar həyata hazırlanması, daha peşəkar formada ixtisaslaşması başlıca prioritetimizdir.
Yeni nəsil gənclərin istəkləri arasında daim çevrələrini genişləndirmək, fərqli insanlarla ünsiyyət qurmaq yer alır. Biz çalışırıq ki, region gəncləri üçün sosiallaşacaq xidmətlər və məkan formalaşdıraq. Onlar nümayəndəliklərimiz və bölmələrimizə yaxınlaşaraq, özlərinin maraq dairələrinə uyğun olaraq fəaliyyətlərə qoşula bilirlər.
Gənclər GİKM-də həm də öz ideyalarını reallaşdırır və fəaliyyətlərini təşkil edirlər. Bu çərçivədə onlarda qərarvermə bacarığı, eyni zamanda, təşkilatçılıq və liderlik bacarıqlarını inkişaf etdirmiş olurlar.
“Azərbaycan Gəncləri Gününün qeyd olunması ilə bağlı müxtəlif tədbirlərimiz mövcuddur. Bu istiqamətdə gənclərlə görüşlər, musiqili-əyləncəli proqramlar, veloyürüşlər təşkil olunur.
Gənc GİKM komandası adından Azərbaycan gənclərini bu əlamətdar gün münasibətilə təbrik edir, onların hər zaman enerjili və gənc ruhları ilə komandamıza rəng qatmalarını diləyirik!
Qalib xalqın gəncləri, gününüz mübarək! ”, – deyə Azər Əliyev qeyd edib.