Tədbirin açılışında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi Mətanət Xəlilova, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Bəxtiyar Quluzadə, AZTU-nun Karyera və Məşğulluq Mərkəzinin direktoru Ülviyyə Rəsulova və universitetin TGT sədri Ruslan Qənbərov çıxış edərək, gənclər üçün karyera quruculuğu istiqamətində keçirilən layihənin faydasından söz açıblar.
Daha sonra “İT sahəsində karyera planlaması və müasir dünyada süni intellektin rolu” mövzusunda panel müzakirələr keçirilib. Müzakirələrdə moderator qismində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının əməkdaşı Fidan Həsənova, panelistlər qismində isə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov, ADNSU-nun rektorunun universitet-sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri, “Destec Group” İdarə Heyətinin sədri Sakit Səmədov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədr müavini Rauf Cabbarov, “Code Academy” şirkətinin direktoru Ülvi Aslanov, “Interneuron” şirkətinin həmtəsisçisi, süni intellekt mütəxəssisi Nicat Zeynalov iştirak edib.
150-dən çox gənci əhatə edən panel müzakirədə “Müasir dünyada İT, bazardakı iş imkanları və reallıqlar; Beynəlxalq şirkətlərdə İT”, “Universitet illərindən sonra İT mütəxəssisin ilk 5 ildəki hədəfləri”, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik”, “Gənclərin universitet illəri üçün İT karyerası”, “Müasir dünyada süni intellekt rolu, istiqamət-karyera seçimləri” mövzuları ətrafında bir sıra önəmli fikirlər səsləndirilib. Daha sonra gənclərin sualları cavablandırılıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və üzv təşkilatları, həmçinin ali təhsil müəssisələrinin karyera mərkəzləri “CareerLAB” şəbəkəsinin əsas tərəfdaşlarıdır.