Scroll Top

“Könüllülərlə İş üzrə İdarəçİlərİn İnkİşaf Proqramı” yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) birgə təşkilatçılığı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları üçün keçirilən “Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı” yekunlaşıb.

15-18 aprel tarixlərini əhatə edən proqramın ilk günündə Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov “Azərbaycanın gənclər siyasəti”, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli isə “Zoom” platforması üzərindən “Könüllülüyün qanunvericilik üzrə əsasları” mövzularında təqdimatlarla çıxış ediblər.

Aprelin 16-da DOST Agentliyinin idarə heyətinin sədrinin müşaviri Ruslan Mirzəliyevin təqdimatında “Könüllülərin seçim prosesinin aparılması” və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İşçi qüvvəsi üzrə baş meneceri Tural Hümbətovun təqdimatında “Könüllülərin cəlb olunması və saxlanması” təlimləri baş tutub.

Tədbirin üçüncü günü Tural Hümbətovun “Könüllülərin cəlb olunması və saxlanması” təliminin praktiki hissəsi ilə davam edib. Günün ikinci yarısında iştirakçıların imtahan sessiyası baş tutub.

Proqramın iştirakçısı olan əməkdaşlar aprelin 18-də imtahanın yekun nəticələrinə uyğun olaraq könüllülərlə iş sahəsində nəzəri və praktiki biliklərini təsdiq edən dərəcə və iştirakçı sertifikatları ilə təltif olunublar.

Qeyd edək ki, həyata keçirilən proqramın əsas məqsədi dövlət orqanlarında könüllü fəaliyyətinin tənzimlənməsi sahəsində peşəkarlığın artırılması, qabaqcıl işlək təcrübələrin sahə üzrə fəaliyyət göstərən təşkilatlarda tətbiq olunması, fərqli təşkilatlarda müvafiq sahədə çalışan şəxslər arasında fikir mübadiləsinin təmin olunması və müvafiq sahədə çalışan əməkdaşların sertifikasiyadan keçirilməsidir.