Bakı, 17 yanvar, Həsrət Mahmudova, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəlikləri hazırda respublikanın 55 şəhər və rayonunda fəaliyyət göstərir. Nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnmələri üçün müxtəlif peşə təlimləri, təhsil və təcrübə proqramları, könüllülük proqramı, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunur. Region gəncləri dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə nümayəndəliklər vasitəsilə məlumat alır, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanırlar.
Bunu Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Ramtiq Alızadə AZƏRTAC-a açıqlamasında deyib.
R.Alızadə bildirib ki, GİKM 2018-ci ilin noyabrında Azərbaycan Respublikasının Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 1 oktyabr tarixli Sərəncamına əsasən, ölkəmizin şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümyəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb.
GİKM-in öz fəaliyyətində gənclərin karyera və peşə seçimlərini dəstəkləməyi, onların şəbəkələşmə və sosiallaşma məkanını formalaşdırmağı, gəncləri peşəkar fəaliyyətə yönləndirməyi, gənc istedadları üzə çıxarmağı və inkişaf etdirməyi, ictimai fəal gənclər yetişdirməyi qarşısına məqsəd qoyduğunu vurğulayan R.Alızadə Mərkəzin region gənclərinin məşğulluğuna dəstək göstərdiyini bildirib: “55 nümayəndəlik üzrə bu günə qədər elan edilən vakansiyalar üzrə 2021-ci ildə 900 müsahibə təşkil edilib. Müsahibələr nəticəsində vakansiya ilə bağlı tələblərə uyğun olan, bacarıqlı və həvəsli gənclərdən 72 nəfər GİKM nümayəndəliklərində işlə təmin olunub. Ötən il GİKM-in Bakı və digər nümayəndəlikləri üzrə işə götürülən əməkdaşların ümumi sayı 91 nəfərdir. Bu əməkdaşlardan 92 faizi hazırda fəaliyyətlərini uğurla davam etdirirlər. Bunu da qeyd edək ki, GİKM-də əməkdaşların yaş ortalaması 25,6-dır. Komanda olaraq gəncik və çoxşaxəli işlər gördüyümüzə inanırıq. Bundan başqa, şəhər və rayon nümayəndəliklərimizdə könüllü və təcrübəçi kimi fəaliyyət göstərən gənclərimiz yaşadıqları rayonlarda işlə təmin ediliblər. Belə gənclərin sayı 103-dür”.
Baş direktor deyib ki, hədəf qrupu 14-29 yaşarası məktəbli, tələbə, məzun, işsiz və işaxtaran, xüsusi istedadlı, əlilliyi olan və sağlamlıq imkanları məhdud gənclərdir. Bu qruplar üçün GİKM olaraq müxtəlif fəaliyyət istiqamətlərimiz mövcuddur. 2021-ci ildə “Vətənpərvərlik və dövlətçilik”, “Şəxsi inkişaf və karyera”, “Könüllülük və sosiallaşma”, “Gənclərin maraqlarının öyrənilməsi” istiqamətlərində bir çox layihələr həyata keçirilib. “Vətənpərvərlik və dövlətçilik” istiqamətində keçirilən fəaliyyətlər gənclərin vətənpərvər ruhda, dövlətçilik, azərbaycançılıq prinsipləri əsasında tərbiyə olunmasına yönəlib. Bu istiqamətdə 200-dən çox fərqli adda 1500-dən çox fəaliyyət keçirilib. Ümumilikdə 18 mindən çox gənc bu fəaliyyətlərə cəlb olunub. “Şəxsi inkişaf və karyera” istiqamətində keçirilən fəaliyyətlər gənclərdə fərdi-psixoloji və sosial səriştənin formalaşmasına və inkişafına, karyera planlaması istiqamətində keçirilən fəaliyyətlər isə gənclərin ilkin karyera bilik və bacarıqlarına yiyələnməsinə, müxtəlif peşələr barədə məlumatlandırılmasına, gənc kadrların yetişdirilməsinə istiqamətlənib. Bu istiqamətdə 600-dən çox fərqli adda ümumilikdə 4600-dən artıq fəaliyyət keçirilib. Həmin fəaliyyətlərə 50 mindən çox gənc cəlb olunub. “Könüllülük və sosiallaşma” istiqamətində keçirilən fəaliyyətlər gənclərin sosiallaşmasının, ilkin iş təcrübələri qazanmasının, sosial məsuliyyət hissinin aşılanmasına yönəlib. On mindən çox gənc bu istiqamətdə 70-dən çox fərqli adda keçirilən 1300-dən artıq fəaliyyətə cəlb olunub. Bundan başqa, “Gənclərin maraqlarının öyrənilməsi” istiqamətində də bir sıra işlər görülüb. Sorğu və təhlillər əsasında gənclərin maraqlarının öyrənilməsi də GİKM-in gələcək fəaliyyətində xüsusi rol oynayır.
Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq məqsədindən irəli gələrək, 2018-ci il dekabrın 7-də Gənclər Fondunun təşəbbüsü ilə “Gənc Könüllülər” Hərəkatının yaradıldığını vurğulayan R.Alızadə bildirib ki, hərəkatın məqsədi ölkəmizin rifahı üçün çalışan geniş könüllü təbəqəsini formalaşdırmaq, eləcə də gənclərin müəyyən istiqamətlər üzrə bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına dəstək göstərməkdən ibarətdir. Ötən il 55 nümayəndəlik üzrə 1932 gənc könüllü fəaliyyət göstərib. Üç ay davam edən “Gənc kadr” təcrübə proqramı çərçivəsində ümumilikdə 200-dən çox gənc “İctimaiyyətlə əlaqələr və sosial media işinin təşkili”, “Tədbirlər və layihələr işinin təşkili”, “Təlim-tədris işinin təşkili” və “Könüllülərlə işin təşkili” istiqamətlərində təcrübə keçməkdədir.
GİKM-in gələcək planlarından danışan baş direktor deyib: “2022-ci ildə önümüzdə geniş fəaliyyətlər planı durur. Gənclərin İnkişaf və Karyera Mərkəzinin 2022-ci il üzrə fəaliyyət istiqamətləri ümumiləşdirilən formada fərdi inkişaf, karyera inkişafı, region gənclərinin maraq və ehtiyaclarının ödənilməsi istiqamətində təhlil və sorğuların aparılması üzrə olacaq. Eyni zamanda, GİKM-in 2022-ci ildə davamlı xidmətləri təşkil ediləcək ki, buraya “CV Center”, “İxtisas seçimində dəstək”, “Karyerayönümlü konsultasiya” və qrant layihələrə müraciət üçün dəstək xidmətləri daxildir. Cari ildə fərdi inkişaf sahəsində nəzərdə tutulan tədbirlər çərçivəsində “Əsas həyat bacarıqlarının inkişafı”, “Ulu öndər Heydər Əliyev irsinin təbliği”, “Gender bərabərliyi haqqında məlumatlandırma”, könüllülüyün təbliği və s. istiqamətlər üzrə layihələrin reallaşdırılması planlaşdırılıb. Gənclərin karyerayönümlü inkişafı üçün onlayn biznes quruculuğu, müasir peşə növlərinin gənclər arasında təbliği, eləcə də onlarda rəqəmsal bacarıqların inkişafı üçün layihələrin icrası nəzərdə tutulub. “Gənclərin maraqlarının öyrənilməsi” istiqaməti əsasında isə “Öz ideyanı ver” layihəsi çərçivəsində regionlarda gənclərin ideyalarını təklif etməsi və bu ideyaların daha da təkmilləşdirilməsi, eləcə də gənclər üçün müxtəlif təlimlərin təşkili ilə sorğuların keçirilməsinin formaları, düzgün araşdırma yollarının müəyyənləşdirilməsi kimi bacarıqlarının təkmilləşdirilməsi planlaşdırılır”.