Gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə 12 Avqust – Beynəlxalq Gənclər Günü kimi qeyd olunur.
Bu əlamətdar gün Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlikləri və bölmələri tərəfindən keçirilən silsilə tədbirlərlə region gəncləri üçün daha da yaddaqalan olub.
Belə ki, gənclər ilk olaraq, onlara həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, dövlət gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin şəhər və rayon mərkəzlərində yerləşən abidəsini ziyarət ediblər, abidə önünə gül dəstələri qoyaraq, Ulu Öndəri bir daha dərin ehtiramla yad ediblər.
Daha sonra Beynəlxalq Gənclər Günü ilə əlaqədar şəhər və rayonlarda fəaliyyət göstərən bir sıra qurumlarla birlikdə görüşlər keçirilib, region gənclərinin inkişafı haqqında müzakirələr aparılıb.
Hər il müxtəlif devizlərlə keçirilən Beynəlxalq Gənclər Gününün builki şüarı “Gənclər üçün yaşıl bacarıqlar: Davamlı dünyaya doğru”dur. Bu devizdən yola çıxaraq, region gəncləri üçün ekskursiyalar təşkil olunub, şəhər və rayon ərazisində yerləşən qoruqlar, meşəlik və dağlıq ərazilərə yürüşlər edilib.
Regional nümayəndəliklərimizdə müxtəlif formatda intellektual yarışlar, əyləncəli oyunlar, rəsm sərgisi də həyata keçirilib.
Quba-Xaçmaz regional nümayəndəliyində “Könüllüdən öyrən” layihəsi keçirilib. Könüllü fəaliyyətini bitirmiş və müxtəlif qurumlarda könüllü fəaliyyət göstərən gənclər öz təcrübələri, könüllü fəaliyyətinin qazandırdığı imkan və bacarıqlar haqqında məlumat veriblər.
Regionlarda əlamətdar gün münasibətilə əyləncəli-musiqili konsert proqramları təşkil edilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzi adından Azərbaycan gənclərini təbrik edir, tariximizin bu yeni dövründə ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcəklərinə və yeni-yeni nailiyyətlər əldə edəcəklərinə əminik!