“Mənim üçün ən əziz nemət Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən asılıdır” fikirlərini səsləndirən xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan gəncləri tərəfindən hər il olduğu kimi, 100-cü ildönümündə də hörmət və sevgi ilə yad edilib.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəliklərinin təşkilatçılığı ilə regionlarda müxtəlif tədbirlər həyata keçirilib.
Ümummilli Liderin rayon mərkəzlərindəki abidələrini ziyarət edən gənclər qalib ölkənin nümayəndələri olaraq Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevə öz dərin sevgi və ehtiramlarını ifadə ediblər.
Tədbirlər çərçivəsində Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərindəki muzeylərə ekskursiyalar təşkil edilib, gənclərə muzeydəki eksponatlar, Ulu Öndərin həyat yolu haqqında məlumat verilib.
Rayon rəsmiləri və tarixçilərin iştirakı ilə təşkil olunan dəyirmi masalar və konfranslarda gənclər Ulu Öndərin siyasi fəaliyyəti, azərbaycançılıq məfkurəsi barədə məlumatlandırılıb.
Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Dahi şəxsiyyət”, “Xilaskar ömrü”, “Dahi azərbaycanlı”, “Ulu Öndər”, “Unudulmaz gün”, “Əsl məhəbbət haqqında”, “Azərbaycan xalqının xilaskarı”, “Heydər Əliyev – Dünyaya pəncərə”, “Heydər Əliyev – Vətənin keşiyində” filmləri gənclər tərəfindən böyük maraqla izlənilib.
Nümayəndəliklərin təşkilatçılığı ilə regionlarda Heydər Əliyev prospektləri boyunca veloyürüş təşkil edilib. Silsilə tədbirlər çərçivəsində “Heydər Əliyev İli”nə həsr edilmiş intellektual oyunlar, müxtəlif müsabiqələr keçirilib, qaliblər mükafatlandırılıblar.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Gənclərimiz dahi şəxsiyyəti daim minnətdarlıq hissi ilə xatırlayacaq, onun əziz xatirəsini qəlblərində yaşadacaqlar.