18 Oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) regional nümayəndəlik və bölmələrində bir sıra silsilə tədbirlər həyata keçirilib.
Fəaliyyətlərin əsas məqsədi gənclər arasında milli kimlik duyğusunu gücləndirmək, həmçinin tariximizin bu mühüm gününün əhəmiyyətini gənc nəslə aşılamaq olub.
Tədbirlər çərçivəsində maarifləndirici görüşlər, dəyirmi masalar, film nümayişləri, viktorinalar və vətənpərvərlik ruhunda müzakirələr təşkil edilib. Gənclər Müstəqilliyin Bərpası Gününün tarixi, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının əhəmiyyəti, həmçinin bu tarixi qərarın xalqımızın taleyində oynadığı rola dair məlumatlandırılıblar.
Bundan əlavə, gənclərin iştirakı ilə “Müstəqilliyimiz əbədidir” mövzusunda esse və rəsm müsabiqələri, interaktiv oyunlar və yaradıcı fəaliyyətlər də həyata keçirilib. Tədbirlər zamanı gənclər Azərbaycanın suverenliyinin qorunmasında hər bir vətəndaşın üzərinə düşən məsuliyyət, milli dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi barədə fikir mübadiləsi aparıblar.
GİKM-in regional nümayəndəlik və bölmələrinin təşkil etdiyi bu tədbirlər Müstəqilliyin Bərpası Gününün mahiyyətini gənclərə çatdırmaqla yanaşı, onların vətənpərvərlik ruhunu möhkəmləndirib, milli qürur hissini daha da artırıb.





