Scroll Top

GİKM TƏRƏFİNDƏN İNFOSESSİYALAR VASİTƏSİLƏ 2000-DƏN ÇOX GƏNC ƏHATƏ OLUNUB

IMG_2734.JPG (1).jpg

2026-cı ilin yanvar–mart ayları ərzində Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) tərəfindən paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarını əhatə edən genişmiqyaslı infosessiyalar təşkil olunub.

Həyata keçirilən fəaliyyətlər çərçivəsində 3 ay ərzində ümumilikdə 20 şəhər və rayonda yerləşən 40-a yaxın təhsil müəssisəsində infosessiyalar baş tutub. Bu sessiyalar vasitəsilə 2000-dən çox gənc birbaşa məlumatlandırılıb və iştirakçılara GİKM-in əsas fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və gənclər üçün yaratdığı imkanlar geniş şəkildə təqdim olunub. Eyni zamanda, Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyəti, gənclər üçün təqdim etdiyi proqramlar, qrant imkanları və müxtəlif təşəbbüslər barədə də ətraflı məlumat verilib. Bu məlumatlar gənclərin həm fərdi inkişaflarını planlaşdırmasına, həm də mövcud resurslardan daha effektiv istifadə etməsinə kömək edib.

Görüşlər çərçivəsində GİKM tərəfindən hazırlanmış “Şəxsi inkişaf kitabçası” və “Karyera bələdçisi” kimi faydalı resurslar da iştirakçılara təqdim olunub. Bu vəsaitlər gənclərin öz potensiallarını kəşf etməsi, karyera hədəflərini müəyyənləşdirməsi və əmək bazarına daha hazırlıqlı şəkildə daxil olması üçün praktiki tövsiyələr və istiqamətlər təqdim edir.

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən infosessiyaların il ərzində davam etdirilməsi planlaşdırılır. Bu təşəbbüsün əsas məqsədi daha çox gənci əhatə etmək, onların inkişafına töhfə vermək və ölkə üzrə gənclərin karyera imkanlarına çıxışını genişləndirməkdir.

08.04.2026