Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Respublika üzrə 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir. GİKM olaraq cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikasının Gənclər Fondu nəzdində 1 oktyabr 2019-cu ildən fəaliyyət göstəririk. Bu dövr ərzində GİKM-in baş ofisi, eləcə də regional strukturları tərəfindən gənclərin hərtərəfli inkişafına, əlavə bilik və bacarıqlar qazanmasına yönəlmiş inkişaf təlimləri, forumlar, konfranslar, seminarlar, eləcə də təcrübə və könüllülük proqramları mütəmadi olaraq təşkil olunur. 2025-ci ilin ilk 6 ayını da uğurlu fəaliyyət dövrü kimi dəyərləndiririk.
Son 6 ay ərzində müxtəlif istiqamətlər üzrə, o cümlədən vətənpərvərlik və dövlətçilik istiqaməti üzrə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Bu fəaliyyətlərin əsas məqsədi region gənclərinin dövlət gənclər siyasətinin prinsiplərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinə və azərbaycançılıq ideologiyasına uyğun şəkildə formalaşmasına, onların vətənpərvərlik hisslərinin gücləndirilməsinə dəstək göstərməkdir. Ümumilikdə 2025-ci ilin ilk 6 ayı ərzində vətənpərvərlik və dövlətçilik istiqaməti üzrə 422 müxtəlif tədbir həyata keçirilmiş, nəticədə 15 mindən çox gənc bu fəaliyyətlərə cəlb olunmuşdur.
Bildiyimiz kimi, 2025-ci il ölkəmizdə cənab Prezident İlham Əliyevin sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. Bu əlamətdar il çərçivəsində GİKM tərəfindən regionlarda gənclər üçün irimiqyaslı maarifləndirici və ictimai fəaliyyətlər həyata keçirilmişdir. Ümumilikdə 22 rayon və şəhərdə təşkil olunan 70 fərqli tədbirə 3500-ə yaxın iştirakçı qatılmışdır. Gənclərin konstitusiya barədə məlumatlılığının artırılması və suverenlik dəyərlərinin təbliği məqsədilə müxtəlif seminarlar, interaktiv sessiyalar, intellektual yarışlar, esse müsabiqələri və sərgilər təşkil olunmuşdur.
Həmçinin gəncləri Qərbi Azərbaycanın tarixi və mədəni irsi haqqında məlumatlandırmaq məqsədilə 10-dan çox rayon və şəhərdə müxtəlif tədbir və layihələr təşkil olunmuş, fəaliyyətlərdə 500-dən çox gənc iştirak etmişdir.
Mərkəz olaraq əsas istiqamətlərimizdən biri də gənclərin karyera quruculuğuna dəstək olmaqdır. 2025-ci ilin yanvar-iyun ayları ərzində bu istiqamətdə paytaxtda və regionlarda irimiqyaslı layihələr həyata keçirilmişdir. Ümumilikdə karyera quruculuğu istiqamətində 28 şəhər və rayonda 200-ə yaxın müxtəlif fəaliyyət həyata keçirilib və fəaliyyətlərə 8000-dən çox gənc cəlb olunmuşdur.
Qeyd etmək istərdik ki, gənclərin karyera quruculuğuna dəstək məqsədilə “CareerLAB” şəbəkəsi paytaxt və regionlarda həyata keçirilməyə davam edib. Layihənin əsas məqsədi təhsil alan gəncləri ixtisasları üzrə karyera imkanları və inkişaf istiqamətləri barədə məlumatlandırmaq, eyni zamanda gənclər arasında şəbəkələşməni təmin etməkdir. Müxtəlif mövzuları əhatə edən layihə ümumilikdə 10 ali və orta təhsil müəssisəsində 1500-ə yaxın gəncə çatıb. “CareerLAB” şəbəkəsinin 2025-ci ilin ikinci yarısında da davam etdirilməsi planlaşdırılır.
Həmçinin region gənclərinin peşəkar inkişafına dəstək olmaq üçün müxtəlif şəhər və rayonlarda “LevelUP” karyera forumu həyata keçirilib. Forumun əsas məqsədi karyera planlaması sahəsində təcrübəli mütəxəssisləri bir araya gətirməklə, gənclərin bu istiqamətdə bilik və bacarıqlarının artırılmasına şərait yaratmaq, eləcə də region gəncləri üçün davamlı və əlçatan karyera dəstək mexanizmlərinin formalaşmasına töhfə verməkdir. “LevelUP” karyera forumlarında ümumilikdə 1000-dən çox gənc iştirak edib.
Gənclərin karyera quruculuğu istiqamətində yanvar-iyun ayları ərzində paytaxtda da bir sıra irimiqyaslı layihələr həyata keçirilib. Bunlara “Karyera üçün addım at” forumu, “Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” panel müzakirəsi “Gənclərin karyera inkişafında təhsilin və innovasiyanın rolu” forumu, “Gənclərin Süni İntellekt Forumu”, “Gənclərin Karyera İnkişaf Platforması”, “CareerX” proqramları aiddir. 1000-dən çox gənci əhatə edən bu layihələrdə millət vəkillərinin, dövlət rəsmilərinin və müxtəlif sahələr üzrə ixtisaslaşmış ekspertlərin iştirakı təmin olunmuşdur. Layihələrin keçirilməsində əsas hədəf gəncləri peşəkar inkişaf, karyera quruculuğu, peşə seçimi, təhsil və texnologiya sahəsində baş verən yeniliklərlə tanış etmək, onların karyera imkanlarını müzakirə etmək və gələcək əmək bazarına hazırlıqlı olmalarına dəstək göstərmək olub. Bundan əlavə, gənclər üçün ixtisas seçimi mövzusunda dəstək görüşləri və fərdi karyera məsləhətləri təşkil olunmuşdur ki, bu da onların peşə istiqamətinin müəyyənləşdirilməsində və karyera hədəflərinin formalaşmasında mühüm rol oynamışdır.
Əsas fəaliyyət istiqamətlərimizdən olan şəxsi inkişaf istiqamətində də bir sıra layihələr həyata keçirilmişdir. Gənclərin şəxsi inkişafına yönəlmiş bu fəaliyyətlərin əsas məqsədi onların özünü daha yaxşı tanımasına, potensialını kəşf etməsinə və bacarıqlarını inkişaf etdirməsinə şərait yaratmaqdır. Keçirilən fəaliyyətlər gənclərdə özünəinamı artırır, liderlik və ünsiyyət bacarıqlarını gücləndirir, düşünmə və qərarvermə qabiliyyətlərini təkmilləşdirir. Bu istiqamət üzrə paytaxt və regionlarda ümumilikdə 345 fəaliyyət həyata keçirilmiş və keçirlən fəaliyyətlərdə 10000-ə yaxın gənc iştirak etmişdir. Şəxsi inkişaf istiqaməti üzrə keçirilmiş layihələr arasında “Regionun Gənc Liderləri” proqramı, “Youth Start” şəxsi inkişaf proqramı “Rəqəmsal gənclik” və “Bilik arenası” layihələri xüsusi diqqət çəkir.
Qeyd edək ki, Respublikanın 18 şəhər və rayonunda keçirilən “Regionun Gənc Liderləri” proqramının əsas məqsədi regionda yaşayan gənclərin liderlik bacarıqlarını inkişaf etdirməklə, onların hərtərəfli inkişafına töhfə verməkdir. Proqram çərçivəsində seçilmiş 50-ə yaxın gənc müxtəlif təlim və seminarlara cəlb edilmiş, simulyasiya və qrup tapşırıqları həyata keçirmişlər.
“Youth Start” şəxsi inkişaf proqramı çərçivəsində isə 167 müxtəlif mövzulu təlim keçirilmiş. Keçirilmiş təlimlərə 4000-ə yaxın gənc cəlb olunmuşdur. Gənclərin şəxsi və peşəkar inkişafını dəstəkləmək məqsədilə təşkil olunan “Youth Start” təlimlərində gənclər komanda işi və liderlik qabiliyyətlərini inkişaf etdirir, şəxsi inkişaf üçün faydalı biliklər əldə edirlər.
Bundan əlavə GİKM tərəfindən gənclər üçün “Şəxsi inkişaf bələdçisi” hazırlanır. Bələdçi öz növbəsində gənclərə karyera planlaması, özünü dərketmə, məqsədqoyma və qərarvermə bacarıqları sahəsində istiqamət verməklə, onların gələcək peşə və həyat yolunu daha məlumatlı şəkildə müəyyən etmələrinə yardımçı olmaq məqsədi daşıyır.
2025-ci ilin ilk 6 ayında vətənpərvərlik və dövlətçilik, şəxsi inkişaf və karyera quruculuğu istiqamətləri ilə yanaşı gənclər üçün könüllülük və sosiallaşma istiqaməti üzrə də bir sıra fəaliyyətlər həyata keçirilib. Adıçəkilən fəaliyyətlərə “İstedadlı və yaradıcı gənclik”, “Gənc Könüllü” proqramı, “Mərkəzə doğru” layihəsi və klub fəaliyyətlərini misal göstərmək olar.
Bildirmək istərdik ki, “Mərkəzə Doğru” layihəsinin əsas məqsədi Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti və təqdim etdiyi imkanlar barədə gənclərə dolğun məlumat verməkdir. Layihə çərçivəsində 70-dən çox fəaliyyət keçirilmiş, 3000-ə yaxın gəncə mərkəzin fəaliyyət istiqamətləri, könüllülük və təcrübə proqramları, eləcə də təşkil olunan təlim və layihələr barədə ətraflı məlumat təqdim olunmuşdur.
Gənclərin asudə vaxtlarının səmərəli təşkili və sosial bacarıqlarının inkişafı məqsədilə müxtəlif klub fəaliyyətləri də həyata keçirilir. Keçirilən 250-ə yaxın klub fəaliyyətində 3500-dən çox gənc fəal iştirak edib. Bu tədbirlər çərçivəsində gənclər müxtəlif mövzularda müzakirələr aparıb, debatlar keçirib, yaradıcı və intellektual fəaliyyətlərə cəlb olunublar. Eyni zamanda, gənclər maraq dairələrinə uyğun fəaliyyətlərə cəlb olunaraq sosial bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Həmçinin paytaxt və region gənclərinin bilik və bacarıqlarının artırılması və sosiallaşması məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş ofisi və regional nümayəndəliklərində 3 aylıq “İnkişaf və Təcrübə Akademiyası” təcrübə proqramı həyata keçirilib. Bu proqram gənclərin real iş mühitində praktiki biliklər əldə etməsinə, bacarıqlarını inkişaf etdirməsinə və peşəkar şəbəkə qurmasına dəstək göstərib. Proqram çərçivəsində iştirakçılar Sosial media idarəçiliyi (SMM), gənclərlə iş və layihələrin idarə olunması istiqamətləri üzrə nəzəri biliklər əldə edib, təlimlərə cəlb olunub, həmçinin praktiki tapşırıqları yerinə yetiriblər. Sonda 100-dən çox gənc uğurla məzun olaraq müvafiq sahələrdə ilkin peşəkar təcrübə qazanıb.
Son dövrdə həyata keçirilən layihələrin uğurlu nəticələrindən biri də təcrübə və könüllülük proqramlarının məzunlarının əmək bazarına sürətli inteqrasiyasıdır. Sevindirici haldır ki, məzunlarımızın böyük bir hissəsi artıq işə qəbul olaraq peşəkar fəaliyyətə başlayıb. Bu göstərici həm gənclərin hazırlıq səviyyəsini, həm də layihələrin real təsir gücünü bir daha ortaya qoyur.
Həmçinin 2025-ci ilin ilk 6 ayı ərzində GİKM müxtəlif karyera sərgilərində uğurla təmsil olunmuşdur. Sərgilərdə iştirak Mərkəzin fəaliyyət istiqamətləri, mövcud imkanlar və proqramları barədə 5000-dən artıq gəncə ətraflı məlumat vermək imkanı yaratmışdır. Təqdimatlar çərçivəsində gənclər fəaliyyətimiz və aktiv layihələr haqqında birbaşa məlumat əldə etmişlər. Bu kimi platformalarda GİKM-in fəal iştirakı qurumun ölkə gəncləri arasında tanıdılmasına və fəaliyyətlərinin daha geniş auditoriyaya çatdırılmasına mühüm töhfə vermişdir. Bu kimi fəaliyyətlər gənclərlə birbaşa ünsiyyət və ehtiyacların öyrənilməsi baxımından da böyük əhəmiyyət daşıyır.
2025-ci ilin ilk altı ayı ərzində Gənclərin İnkişaf və Karyera Mərkəzi dövlət və özəl sektor nümayəndələri ilə 20-dən çox əməkdaşlıq və tərəfdaşlıq məqsədli görüşlər keçirmişdir. Bu görüşlər çərçivəsində qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunmuş, birgə fəaliyyət istiqamətləri araşdırılmış və gələcək tərəfdaşlıq perspektivləri nəzərdən keçirilmişdir.
Ümumilikdə yanvar-iyun ayları ərzində Respublika ərazisində GİKM tərəfindən həyata keçirilən fəaliyyətlərdə 40 minə yaxın gənc əhatə olunmuşdur. GİKM olaraq ilin ikinci yarısında da fəaliyyətlərimizi daha geniş miqyasda davam etdirməyi planlaşdırırıq. Məqsədimiz gənclərin ideya və təşəbbüslərini dəstəkləmək, onların karyera və şəxsi inkişafına töhfə vermək, vətənpərvər və sosial məsuliyyətli vətəndaşlar kimi yetişmələrinə dəstək olmaqdır.

