Ulu Öndərin Anım Günü ilə əlaqədar Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi tərəfindən ölkənin müxtəlif bölgələrində silsilə anım tədbirləri keçirilib.
Tədbirlər çərçivəsində gənclər ilk olaraq rayon və şəhər mərkəzlərində ucaldılmış Heydər Əliyev abidələrini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ümummilli Liderin xatirəsi dərin hörmət və ehtiramla anılıb. Bununla yanaşı, regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar təşkil olunub. Ekskursiyalar zamanı iştirakçılara Ulu Öndərin həyat yolu, zəngin dövlətçilik fəaliyyəti, idarəçilik fəlsəfəsi və Azərbaycan tarixindəki müstəsna xidmətləri barədə ətraflı məlumat verilib.
Rəsmi şəxslərin və tarixçilərin iştirakı ilə keçirilən maarifləndirici görüşlərdə gənclər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsindəki əvəzsiz rolunu daha dərindən öyrəniblər. Görüşlər zamanı dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş “Dahi şəxsiyyət”, “Xilaskar ömrü”, “Xalqın Adamı” və “İz” sənədli filmləri nümayiş etdirilib və gənclər tərəfindən maraqla qarşılanıb.
Azərbaycan gəncləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutur, onun xalq və dövlət qarşısındakı misilsiz xidmətlərini dərin minnətdarlıq hissi ilə yad edirlər.






