Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlik və bölmələri tərəfindən sağlam həyat tərzinin təşviqi, gənclərin fiziki aktivliyinin artırılması və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsinin təşviqi məqsədilə #gənclərüçün veloyürüşlər təşkil olunub.
Tədbirlər çərçivəsində müxtəlif regionları əhatə edən veloyürüşlərdə gənclər fəal iştirak edərək, sağlam həyat tərzinin vacibliyinə diqqət çəkiblər. Veloyürüşlərin keçirilməsində əsas məqsəd gənclər arasında idmana marağın artırılması, asudə vaxtın səmərəli təşkili, eyni zamanda ekoloji düşüncənin formalaşdırılması olub.
Veloyürüşlər zamanı iştirakçılara təhlükəsizlik qaydaları barədə məlumat verilib, marşrutlar əvvəlcədən müəyyənləşdirilib və tədbirlər təşkilati baxımdan mütəşəkkil şəkildə həyata keçirilib. Gənclər velosiped sürməyin həm sağlamlıq, həm də ətraf mühitin qorunması baxımından əhəmiyyətini vurğulayaraq bu kimi təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd ediblər.
Qeyd edək ki, GİKM tərəfindən gənclərin sağlam həyat tərzinə təşviqi, sosial aktivliyinin artırılması və cəmiyyət həyatında daha fəal iştirakının təmin edilməsi məqsədilə regionlarda mütəmadi olaraq müxtəlif idman və maarifləndirici tədbirlər həyata keçirilir. Bu cür təşəbbüslər gənclərin fiziki və mənəvi inkişafına müsbət təsir göstərməklə yanaşı, sağlam cəmiyyətin formalaşmasına da töhfə verir.





