Scroll Top

GƏNCƏDƏ “ƏBƏDİYAŞAR LİDER HEYDƏR ƏLİYEV XATİRƏLƏRDƏ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB

IMG_5344.JPG

Gəncə də “Ümummilli Lider Heydər Əliyev irsi: Müasir liderlik və gənclərin dövlətçilikdə rolu” mövzusunda panel müzakirəsi keçirilib.

Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayəndəliklərlə iş şöbəsinin müdiri Aqil Quliyev, GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyinin koordinatoru Alagöz Quliyeva, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşı Tacir Qurbanov, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Mələk Qurbanova çıxış ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin Azərbaycan dövlətinin formalaşması və möhkəmlənməsində mühüm rol oynadığı vurğulanıb.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərovanın moderatorluğu ilə keçirilən panel müzakirəsində Milli Məclisin deputatları Pərvin Kərimzadə və Müşfiq Cəfərov, həmçinin Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov çıxış edərək vurğulayıblar ki, Ulu Öndərin həyat yolu dövlətçilik, liderlik və xalqa xidmət nümunəsidir.

Çıxışlarda qeyd olunub ki, müasir liderlik yalnız idarəetmə ilə məhdudlaşmır, eyni zamanda məsuliyyət, uzaqgörənlik, xalqa bağlılıq və milli dəyərlərə sədaqəti özündə ehtiva edir. Bu xüsusiyyətlər Heydər Əliyev siyasi məktəbinin əsas prinsiplərini təşkil edir. Bildirilib ki, Ümummilli Lider tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasətin nəticəsində Azərbaycanda vətənpərvər, savadlı və fəal gənclər nəsli formalaşıb. Panel müzakirəsi iştirakçılarla fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam etdirilib.

Tədbir Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.