“Rəqəmsal Gənclik” proqramı çərçivəsində gənclərin rəqəmsal bilik və bacarıqlarının artırılması, onların müasir əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasının dəstəklənməsi məqsədilə növbəti maarifləndirici təlim təşkil olunub. “Rəqəmsal dünyanı qoruyanlar: Kibertəhlükəsizlikdə necə karyera qurmalı?” mövzusuna həsr olunan bu təlim gənclər tərəfindən böyük maraqla qarşılanıb.
Təlim zamanı iştirakçılara kibertəhlükəsizlik sahəsinin əhəmiyyəti, bu istiqamətdə mövcud olan karyera imkanları, əmək bazarında tələb olunan texniki və analitik bacarıqlar, eləcə də sahənin real iş mühiti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, sürətlə rəqəmsallaşan dünyada informasiya təhlükəsizliyi prioritet istiqamətlərdən birinə çevrilib və bu sahədə ixtisaslaşmış mütəxəssislərə olan tələbat gündən-günə artmaqdadır.
Təlim çərçivəsində kibertəhlükəsizliyin əsas istiqamətləri, xüsusilə müdafiə yönümlü “Blue team” yanaşması, təhlükələrin aşkarlanması və qarşısının alınması üsulları, real iş mühitində istifadə olunan alətlər və praktik yanaşmalar barədə geniş məlumat təqdim olunub. Eyni zamanda, bu sahədə uğurlu karyera qurmaq üçün tələb olunan biliklər, sertifikatlar və davamlı öyrənmənin rolu xüsusi vurğulanıb.
Tədbirdə çıxış edən təlimçilər – “Kapital Bank”ın Kibermüdafiə şöbəsinin rəhbəri və “IDTECH Academy”nin Kibertəhlükəsizlik instruktoru Sənan Səfərəliyev, eləcə də “IDTECH Academy”nin “Blue team” üzrə Kibertəhlükəsizlik instruktoru Nicat Dadaşov iştirakçılarla öz peşəkar təcrübələrini bölüşərək real nümunələr əsasında mövzunu izah ediblər. Onlar gənclərə bu sahədə ilk addımların necə atılması, düzgün istiqamətin seçilməsi və praktiki bacarıqların inkişaf etdirilməsi ilə bağlı tövsiyələr veriblər.
İnteraktiv formada keçən təlim zamanı iştirakçıların sualları cavablandırılıb, onların fərdi maraqları nəzərə alınaraq istiqamətləndirici məsləhətlər təqdim olunub. Təlim gənclərin kibertəhlükəsizlik sahəsinə marağının artırılması və onların gələcək karyera seçimlərinə müsbət təsir göstərməsi baxımından əhəmiyyətli olub.
Qeyd edək ki, təlimin sonunda iştirakçılara onlayn sertifikat təqdim olunub. Layihə çərçivəsində bu kimi maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.






