18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlik və bölmələri tərəfindən gənclər üçün müxtəlif muzeylərə ekskursiyalar təşkil olunub. Keçirilən ekskursiyaların əsas məqsədi gənclərin tariximizə, milli-mədəni irsimizə və dəyərlərimizə marağının artırılması, onların maarifləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili olub.
Ekskursiyalar çərçivəsində iştirakçılar müxtəlif tarix, mədəniyyət və diyarşünaslıq muzeylərini ziyarət edərək ölkəmizin zəngin tarixi, milli irsi və görkəmli şəxsiyyətləri haqqında ətraflı məlumat əldə ediblər. Muzey əməkdaşları tərəfindən gənclərə nümayiş olunan eksponatlar, qədim əşyalar, arxiv materialları və tarixi faktlar barədə geniş məlumat təqdim olunub.
Gənclər ekskursiyalar zamanı xalqımızın keçmişini əks etdirən maddi-mədəni nümunələrlə yaxından tanış olmaq, milli dəyərlərimizi daha dərindən öyrənmək imkanı qazanıblar. Eyni zamanda muzeylərin cəmiyyətin maariflənməsində, tarixi yaddaşın qorunmasında və gələcək nəsillərə ötürülməsində oynadığı mühüm rol iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirlər çərçivəsində gənclərlə muzeylərin əhəmiyyəti, tarixi irsin qorunması və mədəniyyətin gələcək nəsillərə ötürülməsi mövzusunda maarifləndirici söhbətlər də aparılıb. İştirakçılar bu cür ekskursiyaların onların dünyagörüşünün genişlənməsinə və tarixə maraqlarının artmasına mühüm töhfə verdiyini bildiriblər.






