Scroll Top

“İNKİŞAF VƏ TƏCRÜBƏ AKADEMİYASI” ÇƏRÇİVƏSİNDƏ “YAY TƏCRÜBƏ PROQRAMI”NIN AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB

758563559_1355342226780609_1431100037924024983_n

Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən həyata keçirilən “İnkişaf və Təcrübə Akademiyası” çərçivəsində təşkil olunan “Yay Təcrübə Proqramı”nın açılış mərasimi Bakı və regionlarda uğurla baş tutub.

Açılış mərasimində iştirakçılar proqramın əsas məqsədləri, fəaliyyət istiqamətləri və qarşıdakı iki ay ərzində həyata keçiriləcək fəaliyyətlər barədə ətraflı məlumatlandırılıblar. Bildirilib ki, proqram gənclərin nəzəri biliklərini praktik təcrübə ilə birləşdirməsinə, peşəkar bacarıqlarını inkişaf etdirməsinə və real iş mühiti ilə yaxından tanış olmasına dəstək göstərmək məqsədi daşıyır.

Tədbir çərçivəsində iştirakçılar üçün tanışlıq sessiyaları da təşkil olunub. Sessiyalar zamanı təcrübəçilər bir-birilərini daha yaxından tanımaq, komanda daxilində ünsiyyət qurmaq və gələcək fəaliyyətlər üçün əməkdaşlıq mühiti formalaşdırmaq imkanı əldə ediblər.

Proqram müddətində iştirakçılar müxtəlif istiqamətlər üzrə praktiki tapşırıqların icrası, komanda fəaliyyəti, layihələrin hazırlanması və peşəkar inkişafı dəstəkləyən təlim və sessiyalarda iştirak edəcəklər. Bu proses onların əmək bazarına hazırlığının gücləndirilməsinə və gələcək karyera planlamasına mühüm töhfə verəcək.

“İnkişaf və Təcrübə Akademiyası” gənclərin şəxsi və peşəkar inkişafının dəstəklənməsi, onların praktiki təcrübə qazanaraq əmək bazarının tələblərinə uyğun bacarıqlarla formalaşması istiqamətində həyata keçirilən mühüm təşəbbüslərdən biridir.

“Yay Təcrübə Proqramı”nda iştirak edən bütün gənclərə uğurlar arzulayırıq.