Təlimlər zamanı gənclərə müasir əmək bazarının tələbləri, karyera quruculuğunun əsas istiqamətləri, iş axtarışı prosesində diqqət edilməli məqamlar barədə məlumat verilib. İştirakçıların əmək bazarına hazırlığının artırılması və karyera inkişafı ilə bağlı praktiki bilik və bacarıqlarının formalaşdırılması diqqət mərkəzində olub.
Təlim proqramları çərçivəsində CV hazırlanması və düzgün təqdim edilməsi, iş müsahibələrində effektiv iştirak, müsahibə zamanı ünsiyyət bacarıqlarından istifadə, komanda işi və əməkdaşlıq kimi mövzular ətrafında praktiki məşğələlər keçirilib. Gənclər müxtəlif situasiyalar üzərindən öz bacarıqlarını inkişaf etdirmək və əldə etdikləri bilikləri tətbiq etmək imkanı qazanıblar.
Keçirilən təlimlər gənclərin karyera planlamasına daha sistemli yanaşmasına, əmək bazarının gözləntilərini daha yaxşı anlamasına və işə qəbul prosesində vacib olan bacarıqlarını inkişaf etdirməsinə töhfə verib.
Gənclərin Karyera İnkişaf Platforması çərçivəsində təşkil olunan təlimlər ümumilikdə 700-ə yaxın gənci əhatə edib.
Platforma çərçivəsində region gənclərinin karyera inkişafının dəstəklənməsi, onların əmək bazarına hazırlığının gücləndirilməsi və gələcək karyera imkanları barədə məlumatlılığının artırılmasına yönəlmiş fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

