Hibrid formatda təşkil olunan tədbir çərçivəsində iştirakçılara layihənin məqsədi, icra mərhələləri və proqram müddətində əldə edəcəkləri imkanlar barədə ətraflı məlumat verilib. Qeyd edək ki, Bakı şəhərində əyani, regionlarda isə onlayn şəkildə keçirilən layihədə 33 şəhər və rayondan 215 gənc iştirak edir.
İki ay davam edəcək layihə üç əsas mərhələdən – nəzəri təlimlər, praktiki fəaliyyət və sertifikatlaşdırmadan ibarətdir. İlk mərhələdə iştirakçılar təlimçilik fəaliyyəti, auditoriya ilə iş, təqdimat və ünsiyyət bacarıqları, təlimlərin hazırlanması və digər əlaqəli mövzular üzrə bilik və bacarıqlarını inkişaf etdirəcəklər. Növbəti mərhələdə isə əldə etdikləri bilikləri praktikada tətbiq edərək öz təlimlərini hazırlamaq və auditoriya qarşısında təqdim etmək imkanı qazanacaqlar. Hər iki mərhələni uğurla tamamlayan iştirakçılar sertifikatlaşdırma mərhələsinə keçid əldə edəcəklər.
Layihənin təlimçi heyətində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin koordinatoru, təlimçi və mentor Coşqun İsmayılov, təlimçi, mentor və layihələr üzrə mütəxəssis Cəsur Mədətzadə, eləcə də layihələr üzrə mütəxəssis, mentor və təlimçi Aynur Tağıyeva yer alır.
Layihənin əsas məqsədi gənclərdə təlimçilik bacarıqlarını formalaşdırmaq, onların bilik və təcrübələrini digər gənclərlə bölüşməsinə şərait yaratmaq və qeyri-formal təhsil sahəsində fəal iştirakını dəstəkləməkdir.






