Scroll Top

BAAU-da MƏLUMATLANDIRICI TƏLİM VƏ “ŞƏXSİ İNKİŞAF KİTABÇASI”NIN TƏDQİMATI KEÇİRİLİB

588580591_1160338859614281_6334792802643001626_n

Bakı Avrasiya Universitetində tələbələrin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə geniş məzmunlu məlumatlandırıcı təlim və “Şəxsi inkişaf kitabçası”nın təqdimatı keçirilib. Tədbirdə universitetin müxtəlif fakültələrində təhsil alan tələbələr iştirak edib və onlar üçün faydalı ola biləcək imkanlarla bağlı ətraflı məlumat verilib.

Təlim zamanı tələbələr Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti, həyata keçirilən layihə və proqramlar, həmçinin gənclərin karyera inkişafına dəstək göstərən təşəbbüslər haqqında məlumatlandırılıblar. Mərkəzin nümayəndələri gənclərin bilik, bacarıq və potensiallarının artırılması istiqamətində icra olunan çoxsaylı layihələri təqdim edərək bu istiqamətdə mövcud imkanların onların gələcək inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıblar.

Tədbirin davamında GİKM tərəfindən hazırlanmış “Şəxsi inkişaf kitabçası” iştirakçıların nəzərinə təqdim olunub. Kitabçanın məqsədi gənclərin öz inkişaf strategiyalarını planlaşdırmalarına, hədəflərini müəyyənləşdirmələrinə və zaman idarəçiliyi, motivasiya, özünü kəşf kimi mövzularda praktiki yanaşmalar qazanmalarına dəstək verməkdir. Təqdimat zamanı kitabçanın strukturu, istifadəsi və onun gənclərin gündəlik inkişaf prosesinə necə töhfə verəcəyi haqqında da geniş məlumat verilib.

Qeyd edək ki, tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Bu kimi təşəbbüslər universitet gənclərinin şəxsi və peşəkar inkişafına müsbət təsir göstərməklə yanaşı, onların gələcək karyera hədəflərinə doğru daha inamlı addımlar atmalarına şərait yaradır.