Forumun açılış mərasimində millət vəkili Tahir Mirkişili, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini vəzifəsini icra edən Yusif Vəliyev və GİKM-in Baş direktoru Azər Əliyev çıxış edib. Onlar süni intellektin təkcə texnologiya deyil, həm də iqtisadiyyat, təhsil, səhiyyə və cəmiyyət üçün əsas transformasiya vasitələrindən biri olduğunu vurğulayıblar.
Süni İntellekt Forumu çərçivəsində “Süni intellekt və gənclər: rəqəmsal gələcəyə doğru” mövzusunda panel müzakirəsi təşkil olunub. “Brandmaker E-commerce Agency”nin təsisçisi Fərid Məhərrəmlinin moderatorluğu ilə keçirilən paneldə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının üzvü İlqar Cəfərov, “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyinin direktoru Leyla Seyidzadə və 4SİM-in rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva çıxış ediblər. Gənclər süni intellektin real tətbiq sahələri, həmçinin karyera imkanları barədə məlumatlandırılıblar. 200-ə yaxın gəncin iştirak etdiyi panel müzakirəsindən sonra keçirilən sual-cavab sessiyasında iştirakçılar spikerlərə öz suallarını ünvanlayıblar.
Sonda “suniintellekt.az” platforması tərəfindən maarifləndirici məlumat sessiyası da keçirilib. Qeyd edək ki, Forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.

