2 fevral tarixi Azərbaycan gəncləri üçün olduqca əlamətdardır, çünki bu gün onların günü – Azərbaycan Gəncləri Günüdür.
Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində bu gün ölkəmizdə xüsusi bacarıqları ilə seçilən sağlam, intellektual və zəngin dünyagörüşlü yeni nəsil yetişib. Məhz bu gənclik müzəffər Ali Baş Komandanın dəmir yumruğu ətrafında sıx birləşərək, xalqımızın zəfərində böyük rol oynayıb.
Fəaliyyətində hər zaman gənclərin karyera quruculuğu və şəxsi inkişafına xüsusi diqqət ayıran, onların vətənpərvər gənc kimi yetişməsini qarşısına məqsəd qoyan Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsinin gəncləri bu günü maraqlı, rəngarəng və özünəməxsus tərzdə qeyd edib.
Gənclər müasir dövlət gənclər siyasətinin banisi Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq, Ulu Öndəri bir daha dərin ehtiramla yad ediblər.
Daha sonra 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənclərlə görüşlər keçirilib. Görüşlərdə günün əhəmiyyəti, dövlət gənclər siyasəti, region gənclərinin inkişafı haqqında müzakirələr aparılıb, intellektual yarışlar və musiqili-əyləncəli proqram təşkil olunub.
Nümayəndəliklərin il ərzində keçirilən fəaliyyətlərində fərqlənən gənclər təşəkkürnamələrlə təltif ediliblər.