Gənclərin şəxsi və peşəkar inkişafına dəstək göstərilməsi, onların karyera imkanları barədə məlumatlılığının artırılması və təcrübə mübadiləsi məqsədilə “Career Lab” şəbəkəsi çərçivəsində Gəncə, Qazax və Lənkəran şəhərlərində panel müzakirələri təşkil olunub.
Ümumilikdə 200-ə yaxın gəncin iştirak etdiyi görüşlər zamanı region gənclərinin inkişaf perspektivləri, müasir əmək bazarının tələbləri və karyera planlaması ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Panel müzakirələrində şəxsi və peşəkar inkişaf, karyeranın planlaşdırılması, dil irsinin regional layihələrdə və turizmin inkişafında rolu, eləcə də əmək fəaliyyətinə ilk addımlar və peşəkar mühitə adaptasiya kimi mövzulara toxunulub. Çıxışçılar öz təcrübələrini iştirakçılarla bölüşərək karyera yolunun müəyyənləşdirilməsi, mövcud imkanlardan səmərəli istifadə, fərdi bacarıqların inkişaf etdirilməsi və peşəkar hədəflərə nail olmaq istiqamətində tövsiyələrini səsləndiriblər.
İnteraktiv formatda keçirilən görüşlərdə gənclərin sualları cavablandırılıb, onların qarşılaşdıqları çətinliklər və gələcək karyera gözləntiləri ətrafında müzakirələr aparılıb. Bu baxımdan panel müzakirələri iştirakçılara yalnız yeni biliklər əldə etmək deyil, həm də fərqli təcrübələrlə tanış olmaq, öz potensiallarını qiymətləndirmək və peşəkar əlaqələr qurmaq imkanı yaradıb.
“Career Lab” şəbəkəsinin əsas məqsədi region gənclərinin karyera və şəxsi inkişaf imkanlarına çıxışını genişləndirmək, onların əmək bazarının müasir tələblərinə uyğun bilik və bacarıqlar əldə etmələrinə dəstək göstərmək, eləcə də gənclərlə müvafiq sahələr üzrə mütəxəssislər arasında təcrübə mübadiləsini təşviq etməkdir.
Şəbəkə çərçivəsində həyata keçirilən bu cür təşəbbüslər gənclərin potensialının üzə çıxarılmasına, yeni imkanlarla tanış olmalarına və gələcək peşəkar fəaliyyətlərini daha məqsədyönlü şəkildə planlaşdırmalarına töhfə verir. “Career Lab” region gənclərinin inkişafını dəstəkləyən görüş və müzakirələrlə fəaliyyətini davam etdirir.











