Tədbir rəsmilərin çıxışı ilə başlayıb. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, AZMİU-nun Təcrübə və Karyera Mərkəzinin nümayəndəsi Leyla Rəhimova çıxış edərək, gənclər üçün karyera quruculuğu istiqamətində keçirilən layihənin faydasından söz açıblar.
Daha sonra “Gənc memarlar üçün karyera planlaması: mövcud imkanlar və çətinliklər” mövzusunda panel müzakirələr keçirilib. Müzakirələrdə moderator qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Jalə Həsənova, panelistlər qismində isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdir müavini Şahnaz Bədəlova, “Adress arch.” şirkətinin təsisçisi Fərid Abdullayev, “Manarch studio”nun təsisçisi İlqar Manafsoy, “Design Büro”nun icraçı direktoru Fizuli Əliyev və “Iz Concept” interyer dizayn şirkətinin art direktoru Leyla Vəlizadə iştirak edib.
200-dən çox gənci əhatə edən panel müzakirədə “Şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün şəhərsalma siyasəti”, “Gənclərin universitet illəri üçün memarlıq karyerası”, “Universitetdən sonra memarın ilk 5 ildəki hədəfləri”, “Müasir dünyada memarlıq – iş imkanları və reallıqlar, beynəlxalq şirkətlərdə iş imkanları” və “İnteryer dizayn sahəsinin incəlikləri və karyera planlaması” mövzuları ətrafında bir sıra önəmli fikirlər səsləndirilib. Daha sonra gənclərin sualları cavablandırılıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və üzv təşkilatları, həmçinin ali təhsil müəssisələrinin karyera mərkəzləri “CareerLAB” şəbəkəsinin əsas tərəfdaşlarıdır.