Scroll Top

Gənc PR mütəxəssİslərİ üçün onlayn semİnarlar keçİrİlİb

Gənclərin İnkişaf və Karyera Mərkəzləri (GİKM) və Gənclər Evlərinin nümayəndələri üçün marketinq və PR üzrə onlayn təlimlər keçirilib. Təlim proqramında Biləsuvar, Şəmkir, Qazax GİKM, Binəqədi, Xəzər və Mingəçevir gənclər evlərinin nümayəndələri iştirak edib. SİA xəbər verir ki, bu təlim Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda Ən Həssas Uşaqlar üçün icma və ailə əsaslı İnteqrasiya olunmuş Sosial Xidmətlərin inkişafı” layihəsi çərçivəsində, “İctimaiyyətlə əlaqələr və Marketinq strategiyası üzrə Gənclər evləri üçün layihələrin işlənib hazırlanmasına, sınaqdan keçirilməsinə və yayılmasına dəstək” proqramının tərkib hissəsi kimi “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi və PART Agentliyi tərəfindən UNICEF-in Azərbaycan nümayəndəliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu ilə ortaq şəkildə həyata keçirilmişdir.

Proqram çərçivəsində bloqer Vəfa Əli tərəfindən “GİKM və Gənclər Evləri influenser məktəbi kimi”, təhsil eksperti Anar Məmmədov tərəfindən “Nəticəyönümlü ol”, dizayner Rəhim İsmayılov tərəfindən “Gənclər nəyi görmək istəyir” və PR və Kommunikasiya üzrə ekspert Pərvin Piriyev tərəfindən “Strateji baxış” mövzuları tədris olunub. Təlim zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.

Qeyd edək ki, “İctimaiyyətlə əlaqələr və Marketinq strategiyası üzrə Gənclər evləri üçün layihələrin işlənib hazırlanmasına, sınaqdan keçirilməsinə və yayılmasına dəstək” proqramı 16 ay müddətində həyata keçirilir. Proqram çərçivəsində Gənclər Evləri və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinə marketinq və PR istiqaməti üzrə dəstək göstərilir.

 

Müəllif: Aysel Məmmədova