Scroll Top

“Gənclər mİllİ bİrlİyİn və bİrləşmənİn təmİnatçısı olmalıdırlar” – Azər Əlİyev

photo_2024-02-06_11-39-14

Gənclər milli birliyin və birləşmənin təminatçısı olmalıdırlar – Azər ƏLİYEV

BU GÜN ÖLKƏMİZDƏ GƏNCLƏR GÜNÜ QEYD OLUNUR

Azərbaycan gəncliyi həyatlarında önəmli rol oynayan bu günün 28 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşı kimi böyük ruh yüksəkliyilə qeyd edir.

Herbiand.az xəbər verir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və uğurla həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində ölkəmizdə intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Ümummilli Liderin gənclərə olan etimadı artıq öz təsdiqini tapmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycan gənclərinin inkişafında mühüm rol oynayıb. Azərbaycan gəncliyi ona göstərilən diqqət və qayğını yüksək dəyərləndirərək ölkəmizin dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesində öz töhfəsini verir.  

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev gənclərimizin ölkənin gələcəyində yaxından iştirak etməsində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin önəmli yer tutduğunu bildirib:

“Bu gün bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Həyata keçirilən gənclər siyasəti özünün inkişafı ilə fərqlənir. Bu səbəbdən, gənclərin fəaliyyətini gücləndirmək üçün bir sıra əhəmiyyətli addımlar atılmaqdadır. Bu günə kimi gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Öz növbəsində Azərbaycan gəncləri də müxtəlif sahələrdə qazandıqları uğurları ilə dövlətimizin və xalqımızın qüruruna çevrilib. Gənclərimizin siyasi, ictimai, mədəni və idman sahələrindəki nailiyyətləri bunları deməyə əsas verir.

Gənclər müasir Azərbaycanın inkişafında müstəqil və aktiv rol oynayırlar. Onlar sosial sahələrdə aktiv fəaliyyətlər göstərməklə və texnologiyalardan faydalanmaqla, ölkəmizin gələcəyini formalaşdıraraq daha müstəqil və uğurlu bir Azərbaycan yaratmağa nail olurlar və bundan sonra da olacaqlar”.

44 günlük Vətən müharibəsi Azərbaycan gənclərində torpaq, vətən sevgisinin nə qədər böyük olduğunu bütün dünyaya sərgilədi. Gənclərimiz həm döyüş meydanında, həm də informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Azər Əliyev Vətən müharibəsində əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclərin yerinə yetirdiyini qeyd etdi:

“Prezident İlham Əliyevin də söylədiyi kimi, döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər”.

Vətən müharibəsindən sonra gənclər qarşısında bir sıra mühüm vəzifələr dayandı. Müsahibim bildirdi ki, bu vəzifələri yerinə yetirmək milli inkişafımız, sabitliyimiz və təhlükəsizliyimiz üçün əhəmiyyətli rolu oynayır:

“Vətən müharibəsindən sonra gənclər üçün əsas vəzifələrdən biri təhsil sistemimizin inkişafını təmin etməkdir. Gənclər təhsil alaraq özlərini inkişaf etdirərək, müstəqil fikirlərə sahib olmağı öyrənməlidirlər. Milli birliyin və birləşmənin təminatçısı olmalıdırlar. 

Gənclər Vətən müharibəsindən sonra ölkənin iqtisadi inkişafına töhfə verməlidirlər. Gənclərin peşəkar sahələrdə təhsil alaraq, müasir texnologiyaları öyrənib, inkişaf etməkdə olan sahələrdə fəaliyyət göstərməkləri ölkənin iqtisadiyyatının güclənməsinə kömək edəcək. Azərbaycan gəncliyi mədəniyyətimizi və ədəbiyyatımızı qorumağa və inkişaf etdirməyə nail olmalıdırlar. Öz dillərini və tarixini öyrənmək, milli ədəbiyyatı inkişaf etdirmək milli mənəviyyatın qorunmasına kömək edəcəkdir.

Bu vəzifələri yerinə yetirən gənclər, ölkələrinin inkişafına, birliyinə, vətəndaşların sabitliyinə və mədəniyyətinin qorunmasına böyük töhfə vermək üçün əhəmiyyətli bir rola sahib olurlar”.

Elnurə İSAXAN