Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəlikləri Lerik və Neftçala rayonlarındakı Heydər Əliyev mərkəzlərində fəaliyyətə başlayıb.
GİKM-dən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə keçirilən onlayn tədbirdə rayon icra hakimiyyətlərinin başçıları, Gənclər Fondunun icraçı direktoru, yerli Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri olmaqla 300 nəfər iştirak edib.
Açılış tədbirindəki çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlardan danışılıb.
Bildirilib ki, dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Region gəncləri dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə nümayəndəliklər vasitəsilə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar. Eləcə də fəal vətəndaş kimi regionlarının inkişafına töhfə verəcəklər.
Natiqlər gəncləri GİKM-ə gəlməklə bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət ediblər.
Daha sonra mərkəzlərin imkanları barədə qonaqlara virtual şəkildə ətraflı məlumat verilib. Qonaqlara 28 regionda yaradılan mərkəzlərin fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.
Tədbir istedadlı region gəncinin musiqili çıxışı və təlim xarakterli oyunlarla davam etdirilib.
Region gəncləri, həmçinin “Gənc Könüllü” proqramına qoşulmaq üçün onlayn şəkildə qeydiyyatdan keçiblər.
Bununla da Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin fəaliyyətə başladığı şəhər və rayonların sayı 30-a çatıb. Ölkənin bütün şəhər və rayonlarındakı Heydər Əliyev mərkəzlərində bu ilin sonunadək Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin açılması nəzərdə tutulur.