Scroll Top

Gənclərİn İnkİşaf və Karyera Mərkəzİnİn növbətİ nümayəndəlİyİ Lənkəran rayonunda fəalİyyətə başlayıb

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Lənkəran rayonundakı Heydər Əliyev Mərkəzində fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən tədbirdə icra hakimiyyətinin, Gənclər Fondunun, yerli Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, açılış tədbirindəki çıxışlarda Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən, ölkəmizdə gənclər üçün yaradılan imkanlardan danışılıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə nümayəndəliklər vasitəsilə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.

Çıxış edənlər Prezident İlham Əliyevin göstərişi ilə regionlarda açılan GİKM nümayəndəliklərinin gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə verəcəyini vurğulayıb, gəncləri bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət ediblər.

Diqqətə çatdırılıb ki, ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlətimizin başçısının göstərişinə uyğun olaraq, Cəlilabad, Masallı, Quba, Qusar, Zaqatala, Qax, Biləsuvar, Qazax, İsmayıllı, Şəmkir, Bərdə, Ağcabədi, Xaçmaz, Goranboy və Yevlaxda Gənclərin İnkişaf və Karyera mərkəzləri fəaliyyətə başlayıb. Lənkəranda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyinin açılışı cari ildəki sonuncu tədbirdir.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzindəki muzeylə tanış olublar. Mərkəzin imkanları barədə gənclərə ətraflı məlumat verilib. Tədbir gənclər üçün musiqili-əyləncəli proqram və təlim xarakterli oyunlarla davam etdirilib.

Region gəncləri, həmçinin “Gənc könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər.

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin ölkənin bütün şəhər və rayonlarında nümayəndəliklərinin açılması prosesi 2020-ci ilin əvvəlində başa çatdırılacaq.