“Gələcəyin Gənc Mühasibləri Forumu” uğurla yekunlaşıb!
3 oktyabr 2025-ci il tarixində keçirilən “Gələcəyin Gənc Mühasibləri Forumu” gənclərin mühasibatlıq sahəsində bilik və bacarıqlarının artırılmasına, həmçinin bu sahədə mövcud karyera imkanlarının və trendlərin öyrənilməsinə həsr olunub.
Forumun açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun Daxili Nəzarət və Monitorinq Şöbəsinin müdiri Pərviz Mirələmli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayəndəliklərlə iş şöbəsinin müdiri İsmayıl Süleymanov və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) prezidenti Radil Fətullayev çıxış ediblər. Rəsmi çıxışlar zamanı natiqlər mühasibatlıq sahəsinin gənclər üçün təqdim etdiyi yeni imkanlardan, bu peşənin əmək bazarındakı aktuallığından və peşəkar inkişaf perspektivlərindən danışıblar.
Forumda 100-ə yaxın gənc iştirak edib. Tədbir çərçivəsində “Mühasibatlıq sahəsində karyera imkanları və çağırışlar” mövzusunda panel müzakirəsi təşkil olunub. Paneldə Məhəmməd Balakişiyev, Aqil Səfərov və Nail Mikayılov spiker qismində çıxış edərək öz peşəkar təcrübələrini bölüşüb, gənclərə bu sahədə uğurlu karyera qurmaq üçün vacib olan bilik, bacarıq və vərdişlər haqqında ətraflı məlumat veriblər. Müzakirə interaktiv sual-cavab sessiyası ilə davam edib və iştirakçılar üçün praktik yönümlü məsləhətlər təqdim olunub.
Forum çərçivəsində həmçinin “Hazır Mühasib 5” layihəsinin bağlanış mərasimi keçirilib. Layihə çərçivəsində Bakı və regionlardan olan 53 gənc təlim proqramını uğurla başa vuraraq mühasibatlıq sahəsində nəzəri və praktiki biliklərə yiyələnib. Təlim iştirakçıları “Gələcəyin Gənc Mühasibləri” forumunda sertifikatlarla təltif olunub və əldə etdikləri bilikləri gələcək karyeralarında tətbiq etmək fürsəti qazanıblar.
Qeyd edək ki, “Hazır Mühasib 5” layihəsi Gənclərin İnkişaf və Karyera Mərkəzi və İqtisadi Araşdırmalar və Tədris Mərkəzi tərəfindən birgə təşkil olunub. Layihə gənclərin mühasibatlıq sahəsində ixtisaslaşmasına, real iş mühitinə uyğun bacarıqlar qazanmasına və əmək bazarına inteqrasiyasına dəstək göstərməyi hədəfləyib.
“Gələcəyin Gənc Mühasibləri Forumu” isə Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi və Gənc Mühasiblər İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.
Forum mühasibatlıq sahəsinə maraq göstərən gənclərin bilik mübadiləsi aparması, təcrübəli mütəxəssislərlə tanış olması və gələcək peşə hədəflərini müəyyənləşdirməsi üçün mühüm platforma rolunu oynayıb.
03.10.2025






