Gəncədə “Ümummilli Lider Heydər Əliyev – Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi” adlı konfrans baş tutub
5 may 2025-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev – Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının müəllifidir” adlı konfrans keçirilib. Konfrans 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi, Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin birgə təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tərəfdaşlığı ilə baş tutub.
Konfransda Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin tələbələri və ASAN Könüllüləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyinə ekskursiya təşkil olunub, iştirakçılar rəsm sərgisi ilə tanış olublar.
Konfransın rəsmi açılış hissəsində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Daha sonra çıxış edən rəsmilər – Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin direktoru Fərid Yaqubov Ulu Öndər Heydər Əliyevin dövlətimiz üçün göstərdiyi misilsiz xidmətlərdən, gənclər üçün yaratdığı imkanlardan söz açmış,gənclərə göstərilən diqqət ve qayğını vurğulayıblar. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Konfransda həmçinin rəsmi qonaqlar qismində Bərdə regional “ASAN xidmət” mərkəzinin direktoru İlahə Quliyeva, Kürdəmir regional “ASAN xidmət” mərkəzinin direktoru Ruslan Muradov, Tovuz regional “ASAN xidmət” mərkəzinin direktoru Güntək Məmmədov, Dövlət İmtahan Mərkəzinin Gəncə regional bölməsinin müdiri Nəsimi Məmmədov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, Azərbaycan Texnologiya Univerisitetinin prorektoru Şahmar Həsənov iştirak ediblər.
Konfransın panel müzakirəsi 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin əməkdaşı Səyyarə Hüseynzadənin moderatorluğu ilə həyata keçirilib. Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin prorektoru eyni zamanda Milli Məclisin deputatı Pərvin Kərimzadə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Günay Cavadova və İnsan hüquqları üzrə Müvəkkilin (ombudsmanın) Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov mövzu ilə bağlı çıxış ediblər.
Sonda mövzu üzrə sual-cavab sessiyası baş tutub, gənclər onları maraqlandıran sualları konfransda iştirak edən rəsmilərə ünvanlayıb və suallar ətraflı cavablandırılıb.

