Azərbaycan Respublikasının Gənclər Fondu və Yelo Bankın dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Karyerada Biz” Forumu keçirilib.
Forumun rəsmi hissəsində “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi Jalə Həsənova çıxış edərək, gənclərin karyera inkişafında müvəffəqiyyətli olmaları üçün lazımi bilik və bacarıqların əhəmiyyətini vurğulayıblar. Onlar təhsil və peşəkar bacarıqların əhəmiyyətini qeyd edərək, gənclərin davamlı öyrənmə və özlərini inkişaf etdirmə vərdişlərini mənimsəmələrinin vacibliyini bildiriblər.
Forumun spikerləri – Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının İdarə Heyətinin sədri Nigar Ələsgərova, “Destec Group”un İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor müşaviri, fəlsəfə doktoru Sakit Səmədov, “Business Service Centre” MMC-nin təsisçisi İkram Mütəllimov, “Orvita” Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru, psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktayqızı, Yelo Bankın İşəqəbul şöbəsinin meneceri Aygün Məhərrəmova Kazımova öz təcrübələrini gənclərlə bölüşüblər.
300-dən çox gəncin iştirakı ilə Yelo Bankın baş ofisində reallaşan Forumda gənclər təşkilatlarının və müxtəlif qurumların stendləri yer alıb. Burada iştirakçılar karyera imkanları, aktiv vakansiya və təcrübə proqramları elanları və gəncyönümlü layihələr barədə ətraflı məlumat əldə ediblər.
Forum zamanı aktiv olan gənclər isə iştiraklarını təsdiq edən sertifikatla yanaşı, sponsorlar tərəfindən hazırlanmış möhtəşəm hədiyyələr qazanıblar.
Forumun sponsorları “Shahdag Travel”, “Patron Group”, “Qonaq ol” Restoranı, “Medika Hospital”, “Safavy.org”, “Handex”, “Sənan Hüseynzadə School” gənclərə biri-birindən faydalı təlim paketləri, promo məhsullar, endirim kuponları və s. kimi maraqlı hədiyyələr təqdim edib.