LevelUp” Karyera Forumu Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev, Milli Məclisin deputatı Pərvin Kərimzadə və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək dövlətin gənclər üçün yaratdığı karyera imkanları, məşğulluq sahəsində dövlət proqramları və gənclərin peşəkar inkişafını təmin edən layihələr barədə məlumat veriblər. Forumda 200-dən çox gəncin iştirak edib. Qeyd edək ki, layihə bu günə kimi ölkənin 15 şəhər və rayonunda 7000-ə yaxın gənci əhatə edib.
Forum çərçivəsində “İş dünyasında dəyişən reallıqlar: Trendlər, tələblər və imkanlar” mövzusunda panel müzakirəsi təşkil olunub. Moderator Sevinc Qasımovanın rəhbərliyi ilə baş tutan paneldə 1 saylı Bakı DOST Mərkəzinin direktoru Ruslan Mirzəliyev, ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova, “SAT Group” şirkətinin direktoru və həmtəsisçisi Azad Qəhrəmanov, həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-nin İşə qəbul şöbəsinin rəhbəri Samirə Məmmədova spiker qismində çıxış ediblər. Müzakirələr zamanı əmək bazarında baş verən dəyişikliklər, mövcud trendlər, yeni peşələr və gələcək karyera imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Forumun proqramı HR İnstitutunun təsisçisi Emil Hüseynovun təqdimatında “HR-dan dinləyək: Ən çox axtarılan əməkdaş profili” mövzusunda TEDx formatlı çıxışla davam edib. Sonda iştirakçıların sualları cavablandırılıb.









