Gənclərin İnkişaf və Karyera Mərkəzi Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan “PeşəFest-2025” peşə festivalında fəal şəkildə təmsil olunub. Tədbirin məqsədi gənclərin peşə seçimində məlumatlılığını artırmaq, müxtəlif sahələr üzrə karyera imkanlarını təqdim etmək və əmək bazarının tələblərinə uyğun peşələrin təbliğini həyata keçirmək olub.
Festival çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları iştirakçılara mərkəzin fəaliyyəti, gənclər üçün təqdim olunan təlim, təcrübə və inkişaf proqramları haqqında ətraflı məlumat veriblər. Gənclərə karyera planlaşdırması, şəxsi inkişaf və iş bazarına inteqrasiya mövzularında məsləhətlər təqdim edilib.
“PeşəFest-2025” gənclər, tələbələr və müxtəlif sahələrdə karyera qurmaq istəyən şəxslər üçün peşə yönümlü sessiyalar, təqdimatlar və interaktiv fəaliyyətlərlə zəngin proqram təklif edib. GİKM-in stendinə gələn ziyarətçilər mərkəzin regional nümayəndəliklərinin fəaliyyəti, eləcə də ölkə üzrə həyata keçirilən layihələr haqqında məlumat əldə edib, onlara maraqlandıran suallarla bağlı fərdi istiqamətləndirmələr göstərilib.
Festival, həmçinin, dövlət qurumları, özəl sektor və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinə, gənclərin gələcək karyera istiqamətlərini müəyyənləşdirməsinə və əmək bazarına daha hazırlıqlı daxil olmasına mühüm töhfə verib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin “PeşəFest-2025”də iştirakı bir daha göstərir ki, mərkəz ölkə gənclərinin inkişafı, bilik və bacarıqlarının artırılması, eləcə də onların peşəkar gələcəklərinə dəstək istiqamətində fəal fəaliyyətini davam etdirir.
📅 22 oktyabr 2025





