Bakı və region gənclərinin iştirakı ilə “İnkişaf və Təcrübə Akademiyası” təcrübə proqramının hibrid formatda açılış tədbiri baş tutub.
Açılış mərasimində gənclərə layihənin məqsədləri, proqramın mərhələləri və iştirakçılara təqdim ediləcək imkanlar barədə ətraflı məlumat verilib. Təcrübəçilərə uğurlar arzulanıb, onların gözləntiləri və proqramla bağlı fikirləri dinlənilib.
Tədbir çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzi haqqında təqdimat nümayiş olunub, iştirakçılara mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr və gənclərin inkişafına yönəlmiş təşəbbüslər barədə ətraflı məlumat verilib.
Daha sonra tanışlıq və komanda ruhunun formalaşdırılması məqsədilə enerjiləndirici fəaliyyətlər (enercayzerlər) təşkil olunub. Gənclər interaktiv oyunlar və qrup fəaliyyətləri vasitəsilə bir-birini daha yaxından tanımaq və komanda şəklində işləmək bacarıqlarını nümayiş etdiriblər.
“İnkişaf və Təcrübə Akademiyası” çərçivəsində seçilmiş gənclər müxtəlif istiqamətlər üzrə — kommunikasiya, layihə idarəçiliyi, ictimaiyyətlə əlaqələr, sosial media, dizayn və digər sahələrdə praktik biliklər əldə edəcək, həmçinin real iş mühitində təcrübə keçmək imkanı qazanacaqlar.
Proqram gənclərin gələcək karyera planlaşdırmasında, iş təcrübəsi toplamasında və peşəkar inkişafında mühüm addım olacaq.






