“Gənclərlə iş dünyasına baxış: İnsan resurslarının gözü ilə” Forumu uğurla yekunlaşıb.
Gənclərin karyera planlaması və HR sahəsində biliklərinin artırılması məqsədi ilə təşkil olunan forumda ilk olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov Azərbaycan Respublikasının Gənclər Fondunun Daxili nəzarət və monitorinq şöbəsinin müdiri Pərviz Mirələmli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov çıxış edərək mövzunun aktuallığı və forumun əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Forum “Karyera və XXI əsrin bacarıqları” adlı panel müzakirəsi ilə davam edib. Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynovun moderator olduğu panel müzakirəsində spiker qismində “PASHA Bank”ın İstedadların cəlbi və işə qəbul şöbəsinin rəhbəri Fidan Hüseynova, “Demir Cargo”nun İnsan Resursları rəhbəri Günel Binnətli, “AzTelco Group”un İnsan Resursları direktoru Esmira İbrahimova, təhsil və karyera üzrə ekspert Lətifə Nəsibova iştirak edərək gənclərlə öz təcrübələrini bölüşüblər. Sonda keçirilən sual-cavab sessiyasında iştirakçılar iş dünyasına dair suallarını birbaşa mütəxəssislərə vermək imkanı əldə ediblər.
Forumunun praktiki hissəsində təlim və müsahibə simulyasiyası keçirilib. İlk olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin İşə qəbul şöbəsinin rəhbəri Samirə Məmmədovanın təqdimatında CV yazılması və müsahibəyə hazırlıq mövzusunda təlim keçirilib. Gənclər düzgün CV hazırlamaq və müsahibəyə hazırlıqla bağlı vacib məqamları öyrəniblər. Təlimdən sonra təşkil olunan müsahibə simulyasiyası isə iştirakçılara işə qəbul prosesini real şəkildə təcrübə etmək imkanı yaradıb. Sonda keçirilən müzakirələrdə gənclər təəssüratlarını bölüşüb, mütəxəssislərdən faydalı tövsiyələr alıblar.

