Gənclərin maraq dairəsinin öyrənilməsi və ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) regional nümayəndəlik və bölmələrində silsilə görüşlər təşkil olunub. Görüşlər gənclərlə birbaşa ünsiyyətin qurulması, onların gözləntilərinin öyrənilməsi və fəaliyyətlərin daha məqsədyönlü planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyıb.
Tədbirlər zamanı iştirakçılara GİKM-in əsas fəaliyyət istiqamətləri, həyata keçirilən proqram və layihələr, eləcə də 2026-cı il üçün planlaşdırılan layihələr barədə ətraflı məlumat verilib. Gənclərə təhsil, məşğulluq, şəxsi inkişaf, könüllülük və sosial fəallıq sahələrində mövcud imkanlar təqdim olunub.
Görüşlərin əsas məqsədlərindən biri də gənclərin ideya və təşəbbüslərinin dinlənilməsi olub. Bu çərçivədə gənclər öz təkliflərini səsləndirib, regionlarda həyata keçirilə biləcək layihələrlə bağlı fikirlərini bölüşüblər. İrəli sürülən təşəbbüslər gələcək fəaliyyət planlarının formalaşdırılmasında nəzərə alınacaq.
Səmimi və interaktiv mühitdə keçən görüşlər gənclərlə GİKM arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə, onların qərarvermə proseslərinə daha fəal cəlb olunmasına şərait yaradıb. Qeyd olunub ki, bu cür görüşlərin davamlı keçirilməsi gənclərin sosial fəallığının artırılmasına və regionlarda gənclər üçün daha effektiv layihələrin icrasına imkan verəcək.






