15 İyun – Milli Qurtuluş Günü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlik və bölmələri tərəfindən ölkənin müxtəlif şəhər və rayonlarında silsilə tədbirlər təşkil olunub.
Tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycan xalqının taleyində mühüm rol oynayan Milli Qurtuluş Gününün tarixi əhəmiyyətinin gənclərə daha yaxından çatdırılması, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi xidmətlərin təbliği və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi olub.
Silsilə fəaliyyətlər çərçivəsində gənclər üçün maarifləndirici görüşlər, dəyirmi masalar, intellektual oyunlar, açıq müzakirələr, tarixi mövzulu təqdimatlar və ekskursiyalar təşkil edilib. Tədbirlər zamanı iştirakçılara 1993-cü ilin iyun ayında ölkədə baş verən ictimai-siyasi proseslər, Azərbaycan dövlətçiliyinin qorunmasında Milli Qurtuluş Gününün rolu, eləcə də həmin dövrdə həyata keçirilən mühüm islahatlar barədə ətraflı məlumat verilib.
Görüşlərdə çıxış edən natiqlər Milli Qurtuluş Gününün Azərbaycanın müstəqilliyinin qorunması, siyasi sabitliyin bərpası və davamlı inkişaf yoluna qədəm qoymasında müstəsna əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəni parçalanma təhlükəsindən xilas edərək müasir Azərbaycanın inkişafının əsasını qoyub.
Tədbirlərdə iştirak edən gənclər mövzu ətrafında fikir mübadiləsi aparıb, tarixi faktlar və dövlətçilik ənənələri ilə bağlı biliklərini artırmaq imkanı əldə ediblər. Eyni zamanda, müxtəlif interaktiv fəaliyyətlər vasitəsilə gənclərin tariximizə və milli-mənəvi dəyərlərimizə marağının artırılması istiqamətində işlər həyata keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzi bundan sonra da dövlətçilik tariximizin mühüm mərhələlərini əhatə edən maarifləndirici layihələrin həyata keçirilməsini davam etdirəcək, gənclərin vətənpərvərlik ruhunda formalaşmasına və milli dəyərlərə bağlılığının gücləndirilməsinə töhfə verəcəkdir.

