Scroll Top

İNKIŞAF VƏ TƏCRÜBƏ AKADEMİYASININ HİBRİD AÇILIŞ TƏDBİRİ KEÇİRİLİB

IMG_9914

Bakı və region gənclərini bir araya gətirən “İnkişaf və Təcrübə Akademiyası”nın hibrid formatda təşkil olunan açılış tədbiri uğurla baş tutub. Proqramın əsas məqsədi gənclərin bilik və bacarıqlarının artırılması, onların peşəkar inkişafına dəstək göstərilməsi və real iş mühitinə hazırlığının gücləndirilməsidir.

Açılış mərasimində ölkənin 19 şəhər və rayonunu təmsil edən ümumilikdə 170 təcrübəçi iştirak edib.  İlk olaraq gənclərə proqramın məqsədləri, mərhələləri və təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verilib. Eyni zamanda iştirakçıların gözləntiləri və proqramla bağlı fikirləri dinlənilib, onların təklif və rəylərinə xüsusi önəm verilib.

Tədbirin davamında iştirakçılar arasında ünsiyyəti gücləndirmək və komanda ruhunu formalaşdırmaq məqsədilə müxtəlif tanışlıq və enercayzer sessiyaları keçirilib. İnteraktiv fəaliyyətlər gənclərin bir-birini daha yaxından tanımasına, şəbəkələşməsinə və proqram müddətində səmərəli əməkdaşlıq üçün ilkin zəminin formalaşmasına şərait yaradıb.

“İnkişaf və Təcrübə Akademiyası” gənclərə praktiki təcrübə qazanmaq, yeni bacarıqlar əldə etmək və karyera istiqamətində daha inamlı addımlar atmaq imkanı yaradır. Proqram çərçivəsində iştirakçılar müxtəlif istiqamətlər üzrə təlimlərə, mentorluq görüşlərinə və praktiki fəaliyyətlərə cəlb olunacaqlar.

Təcrübə proqramına qoşulan bütün gənclərə uğurlar arzulayır, onların bu imkanlardan maksimum faydalanacağına inanırıq.

11.03.2026