Gənclərin şəxsi və peşəkar inkişafına dəstək olmaq, onların karyera imkanları barədə məlumatlılığını artırmaq və müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar qazanmalarına şərait yaratmaq məqsədilə həyata keçirilən “Level Up” karyera forumu ölkənin müxtəlif şəhər və rayonlarında gənclərlə görüşlərini davam etdirir.
İndiyədək Sabirabad, Sumqayıt və Gəncə şəhərlərində təşkil olunan forumlar ümumilikdə 700-ə yaxın iştirakçını əhatə edib. Görüşlər gənclərin təhsil və peşə seçimi, karyera planlaması, rəqəmsal bacarıqların inkişafı, yeni imkanların müəyyənləşdirilməsi və peşəkar əlaqələrin qurulması istiqamətində məlumatlandırılması baxımından əhəmiyyətli platforma rolunu oynayıb.
Forum çərçivəsində təhsil, rəqəmsal bacarıqlar, müasir əmək bazarının tələbləri, fərdi potensialın üzə çıxarılması və transformasiya kimi aktual mövzular üzrə panel müzakirələri təşkil olunub. Müzakirələr zamanı iştirakçılara əmək bazarında baş verən dəyişikliklər, gələcəyin peşələri, rəqabətqabiliyyətli mütəxəssis olmaq üçün zəruri bacarıqlar və davamlı şəxsi inkişafın əhəmiyyəti barədə məlumat verilib.
Tədbirlər zamanı gənclərin sualları cavablandırılıb, onların maraqlandıqları istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. İştirakçılar təhsil və karyera seçimləri ilə bağlı onları düşündürən məsələləri müzakirə etmək, müxtəlif sahələrdə mövcud olan imkanlarla tanış olmaq və gələcək hədəflərinə dair yeni yanaşmalar əldə etmək imkanı qazanıblar.
“Level Up” forumunun əsas məqsədlərindən biri gənclərin öz potensiallarını daha yaxşı tanımalarına, maraq və bacarıqlarına uyğun inkişaf istiqamətləri müəyyənləşdirmələrinə, eləcə də gələcək karyera yollarını daha şüurlu və inamlı şəkildə planlaşdırmalarına dəstək olmaqdır. Forum eyni zamanda gənclərin dəyişən əmək bazarına uyğunlaşmasına, yeni biliklər əldə etməsinə və şəxsi inkişaflarına töhfə verəcək imkanlardan yararlanmasına şərait yaradır.
Forumun müxtəlif şəhər və rayonlarda keçirilməsi karyera və inkişaf imkanlarının daha geniş gənc auditoriyası üçün əlçatan olmasına, regionlarda yaşayan gənclərin məlumatlılığının artırılmasına və onların inkişaf prosesində fəal iştirakının təşviqinə xidmət edir.
“Level Up” karyera forumunun ölkənin müxtəlif şəhər və rayonlarında keçirilməsinin davam etdirilməsi nəzərdə tutulur. Növbəti görüşlərdə də gənclərin aktual ehtiyaclarına uyğun mövzuların müzakirəsi, onların bilik və bacarıqlarının inkişafına dəstək göstərilməsi, həmçinin təhsil və karyera imkanları barədə məlumatlılığının artırılması hədəflənir.






