Scroll Top

“LEVELUP” KARYERA FORUMU REGİON GƏNCLƏRİNİ YENİDƏN BİR ARAYA GƏTİRİB

571213099_1138652735116227_4597064275833931324_n

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı ilə keçirilən “LevelUP” Karyera Forumu region gənclərinin karyera inkişafına, məşğulluq imkanlarına çıxışına və sosial fəallığının artırılmasına töhfə vermək məqsədi daşıyır. Forumun növbəti mərhələləri bu dəfə Lənkəran və Sabirabadda baş tutub.

Lənkəranda keçirilən forum gənclər arasında böyük maraqla qarşılanıb. Tədbir çərçivəsində 15-dən çox dövlət və özəl müəssisənin iştirakı ilə əmək yarmarkası təşkil olunub. Yarmarkada iştirak edən gənclər müəssisələrin təqdim etdiyi vakansiyalar, təcrübə proqramları və işə qəbul şərtləri barədə ətraflı məlumat alıblar. Bununla yanaşı, forumda təşkil edilən panel müzakirələrdə karyera imkanları, şəxsi inkişaf və sosial fəallıq kimi mövzular ön planda olub. Spikerlər gənclərin müasir əmək bazarına uyğun bacarıqlar qazanmasının vacibliyini vurğulayıb, peşəkar yönümlü qərarların karyera planlamasındakı rolundan danışıblar. Lənkəran Forumu region gənclərinin öz potensialını nümayiş etdirməsi, müxtəlif sahələrin nümayəndələri ilə ünsiyyət qurması və real əmək bazarına bir addım daha yaxınlaşması üçün əlverişli platforma kimi qiymətləndirilib.

“LevelUP” forumunun növbəti dayanacağı Sabirabad olub. Burada keçirilən tədbirdə əsas diqqət gənclərin təhsil, peşə və karyera planlaması mövzularına yönəlib. Forumda iştirak edən gənclər təhsil və peşə seçiminin karyera inkişafındakı əhəmiyyəti, düzgün istiqamətlərin müəyyən olunması, habelə müasir əmək bazarının tələblərinə uyğun bacarıqların formalaşdırılması barədə müzakirələr aparıblar. Panel çıxışlarında gənclərin karyera inkişafında dövlət və özəl sektorun roluna, onların bir-biri ilə qarşılıqlı əməkdaşlığının gənclərin gələcək inkişaf perspektivlərinə təsirinə toxunulub. Tədbir həm maarifləndirici, həm də motivasiyaedici xarakter daşıyıb.

Ümumilikdə 500-ə yaxın gəncin iştirak etdiyi “LevelUP” forumları gənclərin dövlət və özəl sektor nümayəndələri ilə qarşılıqlı ünsiyyət qurmasına, karyera və məşğulluq istiqamətində bilik və bacarıqlarını artırmasına imkan yaradıb. Bu təşəbbüs region gənclərinin sosial fəallığını artırmaq, onların fərdi və peşəkar inkişafına dəstək olmaq məqsədi daşıyır.
📅 28 oktyabr 2025