Scroll Top

“LEVELUP” KARYERA FORUMU REGİONLARDA UĞURLA HƏYATA KEÇİRİLİB

LevelUP (7)

“LevelUp” karyera forumu 2026-cı ilin aprel ayı ərzində Azərbaycanın müxtəlif regionlarında uğurla həyata keçirilib. Xaçmaz, Abşeron, Biləsuvar, Hacıqabul, Sabirabad, Gəncə və Qax şəhər və rayonlarını əhatə edən forumlar gənclərin karyera inkişafına dəstək olmaq, onların bilik və bacarıqlarını artırmaq, eyni zamanda əmək bazarının tələbləri ilə daha yaxından tanış olmalarını təmin etmək məqsədi daşıyıb.

Forum çərçivəsində müxtəlif sahələri əhatə edən panel müzakirələri təşkil olunub. Bu müzakirələrdə iştirak edən peşəkar spikerlər və sahə mütəxəssisləri öz real iş təcrübələrini gənclərlə bölüşərək uğura gedən yolda qarşılaşdıqları çətinliklərdən, əldə etdikləri nailiyyətlərdən və formalaşdırdıqları karyera strategiyalarından bəhs ediblər. Eyni zamanda, iştirakçıların ünvanladıqları suallar ətraflı şəkildə cavablandırılıb, onlara praktiki və tətbiq oluna bilən tövsiyələr təqdim olunub.

“LevelUp” karyera forumunun əsas üstünlüklərindən biri də interaktiv mühitin yaradılması olub. Gənclər yalnız dinləyici qismində deyil, həm də aktiv iştirakçı kimi çıxış edərək fikir mübadiləsi aparmaq, müxtəlif sahələr üzrə peşəkarlarla birbaşa ünsiyyət qurmaq imkanı əldə ediblər. Bu isə onların həm motivasiyasının artmasına, həm də gələcək karyera hədəflərini daha dəqiq müəyyənləşdirmələrinə şərait yaradıb.

Forumlar zamanı iştirakçılara karyera planlaması, düzgün istiqamət seçimi, əmək bazarında rəqabətə davamlı olmaq üçün tələb olunan bacarıqlar, şəxsi inkişafın əhəmiyyəti və şəbəkələşmə (networking) imkanları barədə geniş məlumat verilib. Xüsusilə qeyd olunub ki, müasir dövrdə yalnız nəzəri biliklər deyil, praktik bacarıqlar, ünsiyyət qabiliyyəti və davamlı özünüinkişaf uğurlu karyeranın əsas faktorları hesab olunur.

Aprel ayı ərzində keçirilən forumlar ümumilikdə 800-dən çox gənci əhatə edərək regionlarda yaşayan gənclərin inkişafına mühüm töhfə verib. Bu təşəbbüs onların potensialının üzə çıxarılmasına, özlərinə inamlarının artırılmasına və gələcək planlarını daha şüurlu şəkildə qurmasına dəstək olub.

Qeyd edək ki, “LevelUp” karyera forumlarının respublikanın digər şəhər və rayonlarında da davam etdirilməsi planlaşdırılır.