COVID-19 və müharibə travmalarından zərər çəkmiş uşaqlara dəstək üçün Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyində Şəmkir, Mingəçevir və Qazaxdan olan mentorlar üçün “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Arasdırmalar Fondu və “ Education HUB” tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsinin ART Terapiya təlimləri keçirilib.
525.az xəbər verir ki, təlimi uğurla başa vuran iştirakçılar öz regionlarında pandemiyadan və müharibədən əziyyət çəkən uşaqlara psixoloji dəstək verərək art terapiyası üzrə seanslar təşkil ediblər.
Bundan sonra da təlim iştirakçılar pandemiyadan və müharibədən əziyyət çəkən uşaqlarla art terapiya texnikası ilə işləyəcəklər. Təlimlər zamanı iştirakçılar incəsənət vasitəsilə qorxuların aradan qaldırılması, psixoloji dəstək, fövqəladə vəziyyətlərdə – müharibə, epidemiya, təbii və texnogen qəzalar zamanı insan psixikasının reaksiyaları haqda öyrənəcək və onların aradan qaldırılması üsullarını araşdıracaqlar.
“Yarat, inkişaf et, töhfə ver” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.