2 Fevral – Azərbaycan Gənclər Günü münasibətilə Qəbələ şəhərində #CareerLAB şəbəkəsi çərçivəsində gənclər üçün növbəti maarifləndirici forum təşkil olunub. Forumun əsas məqsədi region gənclərinin potensialının üzə çıxarılması, onların şəxsi və peşəkar inkişafına dəstək göstərilməsi, eyni zamanda karyera imkanları barədə məlumatlılığın artırılması olub.
Tədbir çərçivəsində “Region gənclərinin inkişafı və karyera imkanları” mövzusunda panel müzakirəsi keçirilib. Panel zamanı gənclərin məşğulluq imkanları, dövlət tərəfindən gənclər üçün yaradılan m2exanizmlər, peşə təhsilinin əmək bazarındakı rolu və könüllülük fəaliyyətinin şəxsi inkişafda əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb. Spikerlər regionlarda yaşayan gənclərin bilik və bacarıqlarının artırılmasının vacibliyini vurğulayıb, real nümunələr əsasında təcrübələrini bölüşüblər.
Müzakirələr zamanı gənclərin karyera planlaması, düzgün ixtisas seçimi, praktiki bacarıqların formalaşdırılması və aktiv vətəndaş mövqeyinin inkişaf etdirilməsi kimi məsələlərə xüsusi diqqət yetirilib. Panel iştirakçıları gənclərə tövsiyələr verərək, onların gələcək fəaliyyətlərində dövlət proqramlarından, peşə təhsili imkanlarından və könüllülük layihələrindən səmərəli istifadə etmələrinin önəmini qeyd ediblər.
Forumun sonunda iştirakçı gənclərin sualları cavablandırılıb, onları maraqlandıran mövzular ətrafında açıq və interaktiv müzakirələr aparılıb. Tədbirdə fəallığı ilə seçilən gənclər isə təşkilatçılar tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif olunublar.





