Scroll Top

QUBA GƏNCLƏRİ ÜÇÜN TƏŞKİL OLUNAN ŞƏXSİ İNKİŞAF PROQRAMI UĞURLA YEKUNLAŞIB

IMG_0566

Quba gənclərinin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə təşkil olunan Şəxsi İnkişaf Proqramı uğurla yekunlaşıb. Proqram çərçivəsində gənclərin öz potensiallarını kəşf etməsi, məqsədyönlü planlama bacarıqlarının formalaşdırılması və daxili motivasiyanın gücləndirilməsi istiqamətində silsilə maarifləndirici təlimlər keçirilib.

Proqram müddətində #gənclərüçün “Məqsədlərin təyin olunması”, “Özünü tanıma və davamlılıq” və “Daxili gücünü kəşf et” mövzularında təşkil olunan təlimlər gənclərin böyük marağı ilə qarşılanıb. Təlimlər zamanı iştirakçılara düzgün məqsəd qoyma üsulları, şəxsi resursların müəyyən edilməsi, streslə mübarizə, motivasiyanın qorunması və davamlı inkişaf strategiyaları barədə ətraflı məlumat verilib.

İnteraktiv tapşırıqlar, qrup işləri və açıq müzakirələr vasitəsilə gənclər yalnız nəzəri biliklərlə kifayətlənməyib, eyni zamanda real həyat nümunələri üzərində praktiki bacarıqlarını da inkişaf etdiriblər. Bu yanaşma iştirakçıların özlərini daha yaxından tanımalarına, güclü tərəflərini dəyərləndirmələrinə və inkişaf etməli olduqları sahələri müəyyənləşdirmələrinə imkan yaradıb.

Proqramın əsas məqsədi gənclərin özlərinə inamını artırmaq, onları daha məqsədyönlü və fəal vətəndaş kimi formalaşdırmaq olub. Təlimlər zamanı əldə olunan bilik və bacarıqların gənclərin həm şəxsi həyatlarında, həm də gələcək karyera planlarında mühüm rol oynayacağı vurğulanıb.

Sonda iştirakçılar proqramın onlar üçün faydalı və motivasiyaedici olduğunu bildirərək, bu tip layihələrin davamlı keçirilməsinin vacibliyini qeyd ediblər. Quba gəncləri üçün təşkil olunan Şəxsi İnkişaf Proqramı bir daha göstərdi ki, gənclərin potensialına sərmayə qoymaq ölkənin gələcəyinə qoyulan ən dəyərli sərmayədir.