Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən konfransda Ümummilli Lider Heydər Əliyev, Xocalı soyqırımı qurbanları və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent Yusif Alıyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Quba rayon prokuroru Namiq Muradov, Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova, Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, eləcə də Xocalı faciəsinin canlı şahidi olmuş, Birinci Qarabağ müharibəsi veteranı Vidadi Cavadov çıxış edərək, bildiriblər ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün dünyaya, bəşəriyyətə, insanlığa qarşı yönəldilib. Xocalı şəhərinin 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənərək, bu şəhərdə respublikamızın Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirdiyi konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Tədbir bədii hissə ilə davam edib. ADPU-nun Quba filialında təhsil alan tələbələrin hazırladığı Xocalı sakinlərinin üzləşdiyi qəddarlığı özündə əks etdirən tamaşa nümayiş olunub, şeir və vətənpərvər musiqilər səsləndirilib.