Bakı, 2 fevral, Həsrət Mahmudova, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) hazırda respublikanın 55 şəhər və rayonunda gənclər üçün dörd əsas istiqamətdə fəaliyyət göstərir. Bunlar “Şəxsi inkişaf və karyera quruculuğu”, “Vətənpərvərlik”, “Könüllülük və sosiallaşma”, “Gənclərin maraqlarının öyrənilməsi” istiqamətləridir. GİKM bu istiqamətlər üzrə bir çox fəaliyyətlər həyata keçirir və gənclər üçün müəyyən imkanlar yaratmağa çalışır. GİKM-in yaratdığı imkanlar hər hansı bir problemin həllinə fokuslandığı üçün ilk olaraq, biz gənclərin problemlərinin və ehtiyaclarının öyrənilməsinə yönəlmişdik. Rayonlarda gənclərin sosiallaşması üçün məkanlar, xidmətlər mövcud deyil və ya varsa da, bu çox az rayonda var və bu, məhdud çərçivədədir. Ona görə də bizim yarada biləcəyimiz imkanlardan ilki onların sosiallaşması və şəbəkələşməsi istiqamətindədir. Yəni, onların yararlana biləcəyi önəmli məsələlərdən biri GİKM nümayəndəlikləri vasitəsilə respublikanın digər şəhər və rayonlarında yaşayan gənclərlə şəbəkələşmə imkanıdır. Bu şəbəkələşmə ilə onların sosial, fərdi inkişaf bacarıqlarının inkişafını şərtləndirir. Gənclərimiz GİKM-də həm də könüllülük və təcrübə proqramlarına qoşulurlar ki, bu da onların komanda işi, işgüzar mühitdə davranış qaydaları, peşəkar şəxslərlə şəbəkələşərək yeni nəsildən gözləntiləri öyrənmiş olurlar.
Bunu Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Ramtiq Alızadə AZƏRTAC-a açıqlamasında deyib.
R.Alızadə bildirib ki, gənclər üçün yaradılan imkanlardan biri – inklüzivlik imkanıdır. 14-29 yaşlı, istənilən sosial təbəqədən olan gənclər GİKM-in fəaliyyətlərinə qoşula bilərlər. Şəhər mərkəzində yaşayan gənclər ucqar kəndlərdə yaşayan gənclərlə, əlilliyi olan gənclər digər gənclərlə sosiallaşa, birgə fəaliyyətlərdə iştirak edə, sosial bacarıqlarını birgə inkişaf etdirə bilirlər.
Digər imkanlardan biri də adımızdan göründüyü kimi, karyera ilə əlaqəlidir. Hansı ki, GİKM bu istiqamətdə gənclərin müəyyən bacarıqlara yiyələnməsinə şərait yaradır. Habelə onların məşğulluq probleminin həlli istiqamətində müəyyən addımlar atılır, gənclər üçün bu istiqamətdə yaradılan imkanları onlara çatdırmaqda vasitəçi rolunu oynayır. Gənclərin əmək bazarına hazırlanması, daha peşəkar formada ixtisaslaşması, müxtəlif qurumların mövcud imkanlarından yararlanmaları bu istiqamətdə əsas prioritetimizdir.
GİKM-in gənclər üçün yaratdığı bu imkanlar özlüyündə sosial dəyərin formalaşmasına gətirib çıxarır. Bu, ona görə sosial dəyər adlanır ki, ayrı-ayrı gənclər üçün yox, ümumilikdə ölkə gəncləri üçün ümumi dəyər halına gəlib. GİKM-in əməkdaşları 29 yaşadək olan əmək qabiliyyətli gənclər arasından seçilir, burada əsas məqsəd gənclərlə işləyən şəxslərin elə gənclər olmasıdır. Biz bunu daha uğurlu görürük. Həmçinin GİKM həmyaşıd təhsilini formalaşdırmağa başlayıb, yəni, əməkdaşlarımız, cəlb edilən təlimçilər, ekspertlər, davamlı gənclərlə çalışan şəxslər gənclərdir. Belə olduqda görürük ki, onlar bir-birilərini daha yaxşı başa düşür, ehtiyaclarını və istəklərini anlayırlar. Hazırda bizim çalışdığımız nəsil “Z” nəslidir və bu nəslin maraqları daha çox rəqəmsal dünya üzərində formalaşıb. Bu rəqəmsal dünyanın tələbləri də sabit deyil, dəyişir, yenilənir. Hazırda GİKM-in əsas strategiyalarından biri də regionlarda gənclərlə işləyən şəxslərin yetişdirilməsidir. Hesab edirik ki, bu, indiki halda bu istiqamətdə ata biləcəyimiz ən böyük addımlardan olar. Biz cari layihələrlə günlük toxunuşlar etmək əvəzinə, orada davamlı qalıb çalışa biləcək, gənclərə töhfə verə biləcək kadrların yetişdirilməsini qarşımıza hədəf kimi qoymuşuq. Çalışırıq ki, region gəncləri üçün sosiallaşacaq xidmətlər və məkan formalaşdıraq. Region nümayəndəliklərimizdə gənclər üçün mütəmadi təlimlər təşkil olunur və bu fəaliyyətlər davamlı xarakter daşıyır. Gənclər nümayəndəliklərimizə yaxınlaşaraq, özlərinin maraq dairələrinə uyğun olaraq fəaliyyətlərə qoşula bilirlər. Bu da region gəncləri və GİKM arasında davamlı və ayrılmaz əlaqələr yaratmaqdadır.
Baş direktor deyib ki, GİKM regionlarda Heydər Əliyev mərkəzlərində fəaliyyət göstərir və çalışırıq ki, onlar üçün bu mərkəzlər əlçatan olsun. Bu mərkəzlərə gələn gənclər çoxluq təşkil etsə də, heç də bütün gəncləri əhatə etmir. Buna görə də fəaliyyətlərimizdən və dövlətin gənclər üçün yaratdığı imkanlardan ucqar kəndlərdə yaşayan gənclərin də xəbərdar olması üçün müxtəlif layihələr həyata keçiririk. Nümayəndəliklərimizdə, həmçinin gənclər də ideyalarını reallaşdırır və fəaliyyətlərini təşkil edirlər. Bu çərçivədə onlarda qərarvermə, eyni zamanda, təşkilatçılıq və liderlik bacarıqlarını inkişaf etdirmiş olurlar.
“2 Fevral – Azərbaycan Gəncləri Günündə bütün ölkə bu günü gənclərə həsr edir, gənclər üçün müxtəlif imkanlar yaradır. Amma GİKM-in əsas fəaliyyəti gəncləri əhatə etdiyinə görə bizim üçün hər gün gənclər günüdür, daha doğrusu gəncliyin günüdür. Nümayəndəliklərimizdə hər gün gənclər üçün müxtəlif fəaliyyətlər təşkil olunur, dövlətin gənclər üçün yaratdığı imkanlara əlçatanlığı təmin edirik. Bizim bu günü xüsusilə qeyd etməyimiz zəruridir, eyni zamanda, digər bütün günləri gənclər üçün xüsusi etmək də eyni qaydada vacibdir.
Azərbaycan Gəncləri Gününün daha kütləvi qeyd olunması ilə bağlı bizim də müxtəlif tədbirlərimiz var. Bu istiqamətdə idman yarışları, intellektual yarışlar, gənclərlə görüşlər, region gənclərinin digər gənclərlə şəbəkələşməsi, inklüziv fəaliyyətlər həyata keçirilir.
GİKM regionlarda gənclərin toplaşma nöqtəsidir. Burada onlar öz ideyalarını reallaşdıra bilərlər. Biz hazırda respublikanın 55 şəhər və rayonunda fəaliyyət göstəririk və gəncləri bizimlə əməkdaşlığa və birgə fəaliyyətə dəvət edirik.