Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin mütərəqqi dövlətçilik ənənələrini formalaşdırması nəticəsində Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, 28 May – Respublika Gününün 103-cü ildönümünü region gəncləri də silsilə tədbirlərlə qeyd ediblər.
Mərkəzin 40 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəlikləri tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Konfrans və görüşlərdə 28 May – Respublika Gününün müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti gənclərə çatdırılıb. Gənclər müasir dövlətçiliyimizin banisi olan ulu öndər Heydər Əliyevin abidəsi, rayonlardakı Şəhidlər xiyabanını ziyarət edib, yürüşlər təşkil ediblər. Mərkəzlərdə Respublika Gününə həsr edilən filmlər nümayiş olunub.
Bundan başqa, kənd məktəblərində təhsil alan şagirdlər və gənclər üçün intellektual oyunlar, rəsm sərgiləri, müxtəlif tipli – inşa, rəsm müsabiqələri, futbol turnirləri və düşərgələr təşkil edilib.
Ulu öndərimiz Heydər Əliyevin də dediyi kimi, biz müsəlman Şərqində ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tuturuq və bu, bizim milli bayramımızdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış qələbə bu il 28 May – Respublika Gününün daha böyük qürur hissi və şövqlə qeyd edilməsinə səbəb olur.