Scroll Top

Regİon gənclərİ tərəfİndən 20 Yanvar facİəsİnİn qurbanları yad edİlİb

GİKM (1)

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəlikləri tərəfindən günahsız insanların qətli ilə tarixə düşən 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib.

Region gəncləri ilk olaraq şəhər və rayon mərkəzlərində yerləşən Şəhidlər xiyabanı, “20 Yanvar” abidəsini ziyarət edib, şəhid barelyefləri və abidə önünə gül dəstələri düzərək öz ehtiramlarını bildiriblər.

Nümayəndəliklərdə hadisə şahidləri, tarix müəllimləri, şəhər və rayon rəsmilərinin iştirakı ilə görüşlər, dəyirmi masalar təşkil edilib, həmin gecə və ondan sonrakı hadisələrin gedişi barədə gənclərə geniş məlumat verilib və Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev olduğu gənclərin diqqətinə çatdırılıb. Daha sonra mərkəzlərdə 20 Yanvar faciəsinə həsr olunmuş “Qanlı Yanvar”, “20 Yanvar – danışan talelər”, “Silahdaşlar”, “Dolu”, “1990-cı ilin 20 Yanvar qəhrəmanları” adlı filmlər gənclər üçün nümayiş olunub.

Hər il dövlət səviyyəsində qeyd edilən və nəsildən-nəslə ötürülən bu tarixi qan yaddaşımız gənc nəslin formalaşmasında, müstəqilliyin bir hədiyyə olmadığını, onun daim qorunmasının vacibliyini anlamaqda mühüm rol oynayıb. Gənclər müasir geosiyasi proseslər fonunda milli maraqlarımıza qarşı yarana biləcək istənilən təhdidə qarşı hazırlıqlıdır və güclü siyasi lider, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşiblər.