Gənclərə daim qayğı və diqqət göstərən, müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ili tamam olur. Azərbaycan gəncləri hər zaman olduğu kimi, bu gün də görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin əziz xatirəsini uca tutur, hörmətlə yad edir.
Ulu Öndər Heydər Əliyevin 101-cü ildönümü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsinin təşkilatçılığı ilə regionlarda silsilə anım tədbirləri həyata keçirilib.
İlk növbədə Ümummilli Liderin rayon mərkəzlərindəki abidələrini ziyarət edən gənclər qalib ölkənin nümayəndələri olaraq Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevə öz dərin sevgi və ehtiramlarını ifadə ediblər.
Tədbirlər çərçivəsində respublikanın şəhər və rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində fəaliyyət göstərən muzeylərə ekskursiyalar təşkil olunub, gənclərə muzeydəki eksponatlar, Ümummilli Liderin həyat yolu haqqında məlumat verilib.
Rayon rəsmiləri, tarixçilərin iştirakı ilə təşkil olunan “Heydər Əliyev və Azərbaycan” adlı dəyirmi masa və konfranslarda gənclər Ulu Öndərin siyasi fəaliyyəti, azərbaycançılıq məfkurəsi barədə məlumatlandırılıb. Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Dahi şəxsiyyət”, “Heydər Əliyev – Dünyaya pəncərə”, “Heydər Əliyev – Vətənin keşiyində” filmləri gənclər üçün nümayiş etdirilib. Eyni zamanda natiqlər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazandığını gənclərin diqqətinə çatdırıb.
Eyni zamanda nümayəndəliklərin təşkilatçılığı ilə ağacəkmə aksiyaları, gənclər arasında intellektual oyunlar və şahmat yarışları həyata keçirilib.
Qalib ölkənin vətəndaşları olaraq gənclərimiz dahi şəxsiyyəti daim xatırlayacaq, onun əziz xatirəsini yaşadacaqlar!