Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, Xocalı şəhərində dinc əhaliyə misli görünməmiş qəddarlıqla hücum edib.
İllər keçsə də, Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatları və hərbi təcavüzü bitməyib. Bütün bunlara cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxıb. Vətən müharibəsinin gedişatında qarşı tərəfin şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut edib ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq, doğma torpaqlarımızı işğaldan azad edib.
Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini faciənin 31-ci ildönümündə yad etmək məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəlikləri müxtəlif mövzulu anım tədbirləri həyata keçiriblər.
Tədbirlər region gənclərinin rayon ərazisindəki Xocalı abidəsini və Şəhidlər xiyabanını ziyarət etməsi ilə başlayıb. Gənclər vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarları üzərinə gül qoyaraq, onların əziz xatirəsini yad ediblər.
Daha sonra anım gününə həsr edilmiş görüşlər keçirilib. Tarixçilər və faciə şahidlərinin iştirak etdiyi görüşlərdə gənclərə Xocalı həqiqətləri çatdırılıb, bu kimi dəhşətli hadisələrin bir daha yaşanmaması üçün gənclərin üzərinə xüsusi vəzifənin düşdüyü ifadə edilib. Gənclərin Xocalı soyqırımı ilə əlaqədar hazırladıqları tamaşa səhnələşdirilib.
Xocalı soyqırımına həsr edilmiş “Fəryad”, “Ümid işığı”, “Bir millətin kədəri”, “Dolu”, “Xoca”, “Zamanın faciəsi”, “Qırmızı qar”, “Danışan fotolar”, “Böyüməyən uşaqlar” filmlərinin nümayişi keçirilib.
Qeyd olunan tədbirlər çərçivəsində gənclərə ermənilərin əsrlər boyu Azərbaycana qarşı apardığı işğalçı, etnik təmizləmə siyasəti və xalqımıza qarşı həyata keçirdikləri vəhşiliklər barədə geniş məlumat verilib, Xocalı soyqırımının miqyasına və amansızlığına görə müasir tarixin ən dəhşətli soyqırımlarından biri olduğu qeyd edilib.
Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilib, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət alıb. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınır və faciəyə beynəlxalq siyasi qiymət verilir. Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.
Azərbaycan xalqı, habelə Azərbaycan gəncləri heç bir vaxt Xocalı faciəsini unutmayacaq!